"Ukraynanın Rusiya üzərində sürətli, tam və qəti qələbəsi Qərbin və Amerikanın marağına uyğun deyil. Ona görə də müharibə qısa müddətdə Ukraynanın tam və qəti qələbəsi ilə baş verməyəcək. Burada Rusiya da hansısa güzəştlər əldə edəcək. Amma bu güzəştlər ərazi ilə bağlı olmayacaq. Müharibə düşünüldüyü kimi 6 ay yox, daha çox çəkəcək”.
Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri Amerika və Avropanın müharibənin uzanmasında maraqlı olduğunu bildirdi: “Rusiyanın indiki davranışları göstərir ki, Rusiya müharibənin sərhədlərini genişləndirmək istəyir. İndidən Pribaltika sərhədlərinə qoşun yeridir. Eləcə də Orta Asiya respublikaları, eləcə də Qazaxıstanla münasibətləri gərginləşdirir. Bu baxımdan ukraynalıların dediyi kimi yaxın altı ayda qələbə əldə edə bilməyəcəklər. Bu qələbənin belə tez və sürətli əldə edilməsinə Amerika və Qərb mane olacaq. Halbuki ukraynalılar bu qələbənin əldə edilməsində Amerikanın və Avropanın dəstəyinə həddən artıq arxalanır".