Müsəlman dövlətləri bir araya gəlir: Paralel maliyyə sistemi gündəmdə!

12:53 22 İyun 2022

Son vaxtlar Türkiyə siyasi rəhbərliyinin ərəb dövlətlərinin rəhbərləri ilə isti münasibətləri diqqətdən qaçmır. Qarşılıqlı səfərlər, iqtisadi anlaşmalar öncəki illərdəki gərginliyin sona çatacağını deməyə əsas verir. 

Bəs görəsən, ortada hansı ortaq maraqlar var?

Sitat.info-ya açıqlamasında bu sualları cavablandıran siyasi şərhçi, Ağ Partiya sədrinin müşaviri Azər Hüseynov bildirib ki, Ərdoğanın Səudiyyə ilə yaxınlaşması Post Osmanlı coğrafiyasına təsirin gücləndirilməsi üçün zəruridir: "Səudiyyə bölgənin ciddi oyunçusudur. BƏƏ də eyni zamanda. Hər iki ölkə ingilis-amerika təsiri altda olan dövlətlərdir. Amma xalq Osmanlı özləmi duyur. Bir də Türkiyəyə yeni investorlar lazımdır. Çünki milli sənaye atılımları səbəbi ilə maliyyə çatışmazlığı və sosial problemlər yaranır".

Siyasi şərhçi onu da vurğuladı ki, yeni dünya nizamında mütləq müsəlman dövlətləri bir araya gəlməlidir: "Bu Ərbakan hocanın ideyasıdır. Türkiyə elə bir inqilabi açılım edəcək ki, İran və Səudiyyə bir formatda birləşəcək. Bu tez olmayacaq amma olacaq. Bu prosesin sonunda müsəlman ölkələri paralel maliyyə sistemi qurmalıdır. Bu tədavül sistemində qiymətli metallardan istifadədir. Məhz bu müsəlman ölkələrinin iqtisadi asılılığının ləğvi üçün lazımdır. Türkiyədə də və ərəb dünyasında bu haqda danışırlar. Bu isə Türkiyə, İran və ərəb ölkələrinin yeni konfiqurasiyalarda bir araya gəlməsini tələb edir. Biz də bundan nəsibimizi almalıyıq".

Lamiyə Xəqani,

Sitat.info



Xəbər xətti