Kritik saatlar! Zelenski ümidlidir: Aİ Ukrayna ilə bağlı nə qərar verəcək?

11:32 23 İyun 2022

Bu gün və sabah, yəni iyunun 23-24-də Avropa ölkələri Ukraynanın Avropa İttifaqına üzvlüyünə namizədliyini müzakirə edəcəklər. Deməli, artıq bu barədə qərar veriləcək. Avropa İttifaqının sammiti ərəfəsində Avropa Parlamentinin sədri Roberta Metsola deyib ki, Aİ Ukraynaya qapı açmağa və ona namizəd statusu verməyə hazırdır: “Mənim üçün Ukrayna Avropadır. Bu həftə çox vacibdir. Biz Ukraynaya geniş qapı açmağa hazırıq və mən ukraynalı bacı-qardaşlarımızı ailəmizlə birlikdə qucaqlamağa səbirsizlənirəm”, - Avropa Parlamentinin sədri bildirib.

Metsola, həmçinin Ukraynanın Aİ üzvlüyünə namizəd ölkə olacağına inamını ifadə edib: “Əminəm ki, bundan sonra bütün lazımi addımlar atılacaq”.

Mövzu ilə bağlı  Sitat.info-ya açıqlama verən siyasi şərhçi Kənan Novruzov da bildirdi ki, Kiyevin sözügedən təşkilata namizəd statusunu alması, əslində bəzi Qərb ölkələrin Ukrayna ilə bağlı nə qədər səmimi olduğunu göstərə bilər: "Ukrayna Prezidenti Volodimir Zelenski ümidlidir. O, iclasın Kiyev üçün uğurlu nəticə verəcəyinə inanır. Yəqin ki, Ukraynaya, həqiqətən, namizədlik statusu veriləcək. Beləliklə, Aİ həm səmimiliyini göstərəcək, həm də Ukrayna üzərində təsir gücünü qoruyacaq və hətta, ola bilsin, bunu bir az da artıracaq. Beləliklə, bəzi Qərb ölkələrinin rəsmi Kiyevin qərarlarını, habelə müharibənin gedişini idarə etmək imkanları da artacaq. Yəni Ukraynaya namizəd ölkə statusunun verilməsi Aİ üçün nəinki humanist, həm də siyasi qərar kimi qiymətləndirilməlidir".

K.Novruzov vurğuladı ki, Əgər bunun əksi olsa, yəni Ukraynaya namizəd ölkə statusu verilməsə, onda Zelenskinin Qərbə inamı azalaq: "Bu isə o deməkdir ki, Qərbin proseslərə təsir imkanları da azalacaq və artıq "istədiyi havanı çala bilməyəcək". Beləliklə, Ukrayna ilə bəzi Qərb ölkələri arasında ziddiyyətlər dərinləşəcək. Nəzərə çatdıraq ki, bir sıra Qərb dövlətləri, o cümlədən Fransa Ukrayna ilə yaxın olmaqla təkcə bu dövlətin yanında olduğunu göstərmək istəmir. Həm də təsir imkanlarını əlində saxlayır və uyğun bildiyi vaxt müxtəlif manipulyasiya vasitələrindən istifadə edir. Əgər belə olmasa idi, savaş çoxdan başa çatardı".

Siyasi şərhçi hesab edir ki, Ukraynanın Aİ- yə üzvlüyünə namizəd olmaması bu qurumun "sağ göstərib sol vurması" kimi qiymətləndirilməlidir: "Bu, Aİ- nin riyakarlığını göstərəcək. Təşkilat daxilində də bunu bilirlər. Odur ki, çox güman, Ukraynanı özlərinə bir az da yaxınlaşdırmaq məqsədilə Qərb dövlətləri Kiyevlə bağlı müsbət qərar verəcəklər". 

Ləman Sərvanqızı,

SİTAT.İNFO



Xəbər xətti