"Səfər Mehdiyevin borcudur ki, istefa versin" - İqtisadçı Komitə sədrinə verdiyi sözü xatırlatdı

12:48 23 İyun 2022

Gömrük Komitəsi çox vacib qurumdur və  çox yüksək ranqlı məmurların burada marağı var. Ona görə də uzun müddətdir ki, bu istiqamətdə gözləntilər var idi. Azərabycabda gömrük orqanları ilə bağlı müzakirələr hər zaman şəxslər üzərindən aparılıb, kimlərəsə bağlı olduğu deyilib. Amma əgər komitədə hansısa əməliyyat keçirilibsə , bununla bağlı rəsmi açıqlama olmalıdır. Əgər əməliyyat keçirilib və ortaya çıxan faktlarla bağlı təsdiq gözləyirlərsə, kimin həbsinə, kimin işdən çıxarılacağına qərar verilməsini gözləyirlərsə, deməli bununla bağlı  ümumi bir konsensus yoxdur. Baş verənlər ölkə rəhbərliyinə də məruzə olunacaq. Çünki Prezident Özbəkistanda səfərdə idi. Yəqin ki, bu məsələ məruzə olunduqdan sonra müəyyən qərarlar veriləcək. Bir iqtisadçı kimi mənim üçün həbslərdən daha çox , Gömrük Komitəsi hansı formada fəaliyyətini davam etdirəcək məsələsi daha maraqlıdır. Bu gün bir generalı tutacaqlar, sabah başqa general eyni əməlləri edəcək. Sistemin özündə bir dəyişiklik olmasa şəxslərin dəyişməsi, həbsi heç nəyi dəyişməyəcək. Gömrük Komitəsi hansı funksiyalar yerinə yetirməlidir, müstəqil qurum kimi qalmasının mənası varmı- bütün bu suallara cavab axtarılır. Amma Komitənin fəaliyyətindəki bu qədər problemlərə rəğmən bu sahəyə aid bir islahat paketi görməmişik. 

Gömrük Komitəsinin sədri bir müddət öncə belə bir açıqlama vermişdi ki, əgər mənim fəaliyyətimdə korrupsiya halları aşkarlanarsa, mən istefa verərəm. İndi  də bu faktlar aşkarlanıb. General səviyyəsində korrrupsiya faktlar varsa, bu qurumun rəhbərinin ən azı mənəvi məsuliyyəti yaranır. Hüquqi məsuliyyət isə istintaqdan, araşdırmalardan sonra müəyyən edilə bilər. Mənəvi məsuliyyət daşıyır ki, ən azından istefa verməlidir. 



Xəbər xətti