"Sülhməramlıların müəyyən hissəsinin Xankəndidən çıxıb Ukraynaya göndərilməsi barədə xeyli vaxtdır danışılır. Bu, həqiqətən, belə ola bilər. Çünki Rusiya ordusunun şəxsi heyəti tədricən tükənir. Həm də Kreml başa düşür ki, hər nə qədər bunu istəməsə də, iki ildən sonra onsuz da Qarabağdan çıxmalıdır".
Sitat.info xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.
Onun sözlərinə görə, digər tərəfdən, Moskva müharibə ilə bağlı Bakının haqlı və tamamilə ədalətli mövqeyindən razı deyil: " Rusiya istəyir ki, Azərbaycan açıq - aşkar onu dəstəkləsin və Ukraynaya heç bir dəstək göstərməsin. Rusiya bu məqsədlə Azərbaycana təzyiq göstərməyə çalışa bilər. Və ya, ola bilsin, əksinə, maraqlarımızın müəyyən mənada təmin olunmasına səy göstərsin. İkinci ehtimal daha real görünür. Yəqin ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərində də bu məsələlər müzakirə olunacaq. Rusiyanın baş diplomatı regionda “bəzi daşların yerinə oturmasına” çalışa bilər. Beləliklə, həm təşəbbüsü ələ almaq, həm prosesləri öz nəzarətində saxlamaq, həm də Bakının rəğbətini qazanmaq istəyə bilər".
K.Novruzov vurğuladı ki, heç bir halda Azərbaycanın Ukrayna məsələsi ilə bağlı mövqeyi dəyişməməlidir: "Lakin regional maraqlarımızın reallaşması, o cümlədən Xankəndinin də nəzarətimizə keçməsi üçün bütün imkanlardan istifadə etməliyik. Xankəndinin taleyi barədə danışarkən qeyd etməliyik ki, son vaxtlar cəbhənin müxtəlif istiqamətlərində, xüsusilə Kəlbəcərdə atəşkəs intensiv olaraq pozulur. Bu, Azərbaycana yeni anti-terror əməliyyatına başlamaq üçün zəmin yaradır. Bütün hallarda indi Azərbaycan üçün daha optimal şərait yaranıb. Rusiya ilə Ukrayna arasındakı savaş başa çatanadək Xankəndinin də nəzarətimizə keçməsi üçün bütün fürsətlərdən istifadə etməliyik. Əks halda sonra daha çətin olacaq".
Safura Bənnayeva
SİTAT.İNFO