Azərbaycan Ordusunun əsgəri HƏBS EDİLDİ - VİDEO

23:18 23 İyun 2022

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Məlikov Əziz Soltanpaşa oğlunun qanunsuz hərəkətləri, o cümlədən xidmət yerini özbaşına tərk etməsi barədə toplanmış müvafiq materiallar Hərbi Prokurorluğa daxil olduqdan sonra araşdırmalar davam edir.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Prokurorluqda istintaq edilən cinayət işi üzrə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məlikov Əziz Soltanpaşa oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2-ci (Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə), 335.2-ci (Hərbi qulluqçunun öz sağlamlığına hər hansı zərər yetirməklə, özünü xəstəliyə vurmaqla, sənədləri saxtalaşdırmaqla və ya sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırması) və digər maddələrində nəzərdə tutulan əməlləri törətməsinə əsaslı şübhələrin olduğu müəyyən edilib:

"Ə.S.Məlikova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunmuş və Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində 4 ay (dörd) müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək".

Qeyd edək ki, Ə.Məlikov törətdiyi avtoxuliqanlıq hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdəki özünə məxsus hesablarında paylaşıb.



Xəbər xətti