"Sülh müqaviləsinin həm hazırlanması, həm imzalanması uzun çəkən bir prosesdir. Ona görə də kimlərsə bu barədə çox optimist danışırlarsa, bu o qədər də inandırıcı deyil".
Bu sözləri Sitat.info-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.
Onun sözlərinə gör, sadəcə Rusiya da, Avropa İttifaqı da boşluğu doldurmağa çalışır, ssenaridən kənar hadisələrin baş verməsinə imkan verməməyə can atırlar: "Onlar vaxt uzadırlar. Lavrovun Bakı səfərində verdiyi açıqlamalar əsasən söz səviyyəsindədir. Paşinyan da bildirir ki, danışıqlara başlamağa hazırdırlar. Real addım atmırlar. Lavrov deyir, eşitmişik ki, Ermənistan tərəfi də sülh müqaviləsi ilə bağlı danışıqlar aparmağa hazırdır. "Eşitmişik ki" çox qeyri-ciddi sözdür. Ümumiyyətlə, Lavrovun açıqlamaları qeyri-ciddiliyi ilə seçilir. Eşitmişik nə deməkdir?"
A.Nağının sözlərinə görə, rəsmi Bakının bu məsələdə mövqeyi aydındır : "Azərbaycan prezidenti də, xarici işlər naziri də bildirdi ki, sülh müqaviləsi ilə bağlı danışıqlara hazırıq. Azərbaycan mövqeyini ortaya qoydu. Amma Ermənistan tərəfindən real təşəbbüs görünmür. Rusiyanın da o qədər maraqlı olmadığı hiss olunur. Müşahidələrimiz göstərir ki, sülh danışıqlarının başlaması, hansısa sənədin imzalanması, hansısa ciddi prosesin başlaması inandırıcı deyil".
Lamiyə Xəqani,
SİTAT.İNFO