Daşkəsəndə güclü yağış bir sıra fəsadlar törədib.
Sitat.info Apa-ya istinadən xəbər verir ki, axşam saatlarında yağan intensiv dolu və leysan yağış nəticəsində çaylarda sululuq artıb.
İntensiv dolu və leysan yağış nəticəsində çay yataqlarında sel suyunun kəskin artması hazırda Alaxançallı kəndi ilə rayon mərkəzi arasında yeganə əlaqə yaradan suötürücü keçidi tamamilə dağıdıb.
Qeyd edək ki iyunun 10-da baş vermiş eyni xarakterli təbii fəlakət Alaxançallı kəndinə ciddi ziyan vurmaqla kəndin üç körpüsünü aparıb, yollarını yararsız vəziyyətə salıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təbii fəlakətin vurduğu ziyanların aradan qaldırılması çərçivəsində tez bir zamanda kəndlə əlaqəni bərpa etmək məqsədilə çay yatağında iridiametrli dəmir borulardan bir ədəd suötürücü keçid quraşdırılıb.
Sel sularının həmin suötürücünü aparması Alaxançallı kəndi ilə rayon mərkəzi arasında əlaqəni yenidən kəsilib.
Həmçinin intensiv dolu və sel suları rayonun Çanaxçı, Qaraqullar, Almalı, Suqovuşan və bir sıra yaşayış məntəqələrində şəxsi təsərrüfatlara, yol infrastrukturuna, fərdi yaşayış evlərinin dam örtüklərinə yenidən ciddi ziyan vurub.
Hazırda rayon ərazisində intensiv leysan yağış davam edir.