Putinin müharibə planı: Müharibəni ilin sonuna qədər uzadıb Avropanı...

15:42 25 İyun 2022

Rusiya-Ukrayna müharibəsinin 4 ayı tamam oldu. Bu müddət ərazində hər nə qədər dünya ictimai rəyində Ukrayna qalib kimi göstərilsə də, hər kəs Unkraynanın işğalçı üzərində qələbəsini arzulasa da, Rusiya həm zəbt etdiyi torpaqlara, həm də enerji ixracından daxilolmalara görə hələ ki, qazanclı tərəfdir. Bəs müharibəni dayandırmağa kim daha çox can atmalıdır? İndiki mərhələdə sülh bağlamaq, atəşkəs elan etmək hər iki tərəfin faydasınadırmı?

Sitat.info-ya açıqlamasında bu sualları cavablandıran siyasi şərhçi, Ağ Partiya sözçüsü Cavanşir Abbaslı bildirdi ki, hazırki mərhələdə müharibənin dayanması Rusiya üçün uduşdur: "Rusiya-Ukrayna müharibəsindən keçən 4 ay barədə deyə bilərik ki, bu gün razılaşma əldə olunsa, Kremli uduşlu saymaq olar. Bu müddət ərzində bəli, Ukraynanın Qərb tərəfindən silahlandırılması prosesi bir an belə dayanmadı və məhz bu səbəbdən daha çox savaş uzandı. Əks halda Ukrayna tərəfi qəhrəmancasına vuruşmasına baxmayaraq, müharibəni bu qədər apara bilməzdi".

Siyasi şərhçi hesab edir ki, Rusiya payız fəslinə çox ümid edir və müharibəni ilin sonuna qədər uzatmaq niyyətindədir: "Bunun səbəbi nədir? İlk növbədə bu suala belə cavab verək ki, payız fəslindən etibarən Avropa ölkələrində qida, ərzaq qıtlığı yaranacaq, neft, qaza olan ehtiyaclar daha da artacaq. Avropa insanı "təki Rusiya çöksün, dözərik" kimi düşüncədədirmi? Xeyr. Amerika başda olmaqla, Qərb ölkələri öz insanlarının mənafeyini hər şeydən üstün tuturlar. Bundan çıxış etsək, Ukraynaya sona qədər dəstək verilməyəcəyini düşünürəm. Onun üçün də müharibə uzandıqca Rusiya ilə yanaşı Ukrayna da böyük zərər görür. Bunun təlafisi uzun zaman alacaq".

C.Abbaslı vurğuladı ki, Rusiya heç də tək deyil: "Rusiya doğrudur, tək görünür, dünya ilə təkbaşına savaşmış təsiri bağışlayır. Amma unutmayaq ki, ona hər an dəstək verə biləcək Çin kimi güclü, iddiası böyük olan faktor var. Altdan-altdan şimal qonşumuza dəstək verildiyini də düşünmək olar. Bir sözlə ikiüzlü Avropanın oyunlarına gedən Zelenski iqtidarı artıq "ziyanın yarısından geri qayıtmaq" düşüncəsinə gəlməli və 24 fevrala qədər olan vəziyyətə qayıtmaq şərti ilə sülh əldə etməyə çalışmalıdır. Əks halda Ukrayna dövlətçiliyinə olan təhlükə hər keçən gün böyüyəcək".

Abbaslının fikrincə, sülh təşəbbüsü Ukrayna tərəfindən gəlsə, Putin iqtidarı da düşünməli olacaq: "Çünki rus dövlətçiliyi üçün də ciddi təhlükənin yarandığını Kremlin siyasi dəhlizlərində də bilməmiş deyillər. Bir sözlə sülh hər iki tərəfin işinə yarayır".

Nigar,

SİTAT.İNFO

 



Xəbər xətti