"Azərbaycanın müdafiə xərcləri Ermənistanın ümumu dövlət büdcəsi xərclərinin 60 faizi qədərdir" - Vüqar Bayramov

14:35 26 İyun 2022

"Artıq ikinci ildir ki Azərbaycan Silahlı Qüvvələr Gününü qalib xalq kimi qeyd edir. Bu qələbənin memarı Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi şanlı Azərbaycan ordusudur. Ordumuzun hər zaman daha gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Möhkəm maddi-texniki baza güclü ordu üçün əsas şərtlərdən biridir və hər zaman Azərbaycanda prioritet olaraq qalmaqdadır".

Sitat.info xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, 2022-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklərdə müdafiə və milli təhlükəsizlik xərcləri daha 13.2 faiz artırılaraq 5 milyard 84 milyon manata çatdırılır: "Bu yeni dəyişikliklər ilə müdafiə xərclərinə 594 milyon manat əlavə edilməsi deməkdir. Azərbaycanın müdafiə xərcləri Ermənistanın ümumu dövlət büdcəsi xərclərinin 60 faizi qədərdir. Bu ölkənin regional gücünü göstərən müqayisəli meyarlardan biridir".

Deputat vurğuladı ki, savaşın başa çatmasına baxmayaraq yerləşdiyimiz həssas region müdafiə qabiliyyətinin hər zaman daha da gücləndirilməsini tələb edir: "Təbii ki, yalnız bütün region ölkələrinin bir-birlərinin ərazi bütövlüyünü tanıması bölgə üçün dayanıqlı sülh gətirə bilər. Bu sülhün qarantı da məhz güclü Azərbaycan ordusu olacaq". 

Ləman,

SİTAT.İNFO



Xəbər xətti