"Belarusun Rusiyanın iradəsindən kənar addım atmağı o qədər də real görünmür. Lukaşenko hakimiyyəti birmənalı şəkildə Rusiyadan asılı formadadır. Belarus birbaşa savaşda iştirakdan yayınmağa çalışır. Lakin Ukraynada Rusiya əməliyyatlarının genişləndiyi indiki vaxtda Belarus kartı da işə salınır".
Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Onun sözlərinə görə, Rusiyanın Belarus ərazilərindən Ukraynaya qarşı geniş istifadə imkanları mövcuddur: " Rusiya siyasi mövcudluğunu nümayiş etdirir: Birincisi, rəsmi Moskva dünyaya mesaj verir ki, Belarus əraziləri də onun istifadə arealında ola bilər. İkincisi, təkcə Ukrayna yox, Polşa, Litva kimi ölkələrə də Belarus üzərindən təzyiq imkanları var. Üçüncüsü, Belarus kimi geostrateji məkan Rusiya siyasi iradəsindən kənar hansısa siyasi oyunlara qatıla bilməz".
T.İsmayılov vurğuladı ki, bütün bunlara baxmayaraq, Rusiya tam şəkildə Belarusu müharibəyə daxil etməyəcək: "Bu baxımdan Minskin prosesdə aktiv iştirakı olsa da Rusiya Belarusdan savaşda açıq formada iştirakı hələ də istəməyəcək. Belarus özü də aktiv döyüş fazalarında görünməyi tam olaraq arzulamır. Moskva da bu faktoru nəzərə alır".
Nigar,
SİTAT.İNFO