Kütləvi bilet alışına görə “İticket” çökdü - “Qarabağ” klubundan AÇIQLAMA

14:23 14 Avqust 2022

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” (Çexiya) ilə ev oyununun biletləri bu gündən satışa çıxarılıb.

Bilet satışa çıxarıldıqdan ilk dəqiqədən etibarən azarkeşlər “İticket” şirkətinin saytında  bilet almaqda problemlə üzləşib. Sayta  girişdə bir xeyli çətinliklər olub.

Məsələ ilə bağlı Qol.az saytına klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə açıqlama verib. O bildirib ki,  bu oyuna gözləniləndən artıq maraq var. Buna görə azarkeşlərə təşəkkür edən G.Abbaszadə saytda texniki problemlər yarandığını vurğulayıb: 

“Bunun səbəbi eyni anda təxminən 100 min insanın “Qarabağ”ın oyununa bilet almaq istəməsi olub. Bunun nəticəsində də saytın serverlərində həddindən artıq yüklənmə olub. Bu da texniki problemlərə gətirib çıxarıb. Biz əvvəlcədən açıqlamışdı ki, biletlə bağlı bütün məsələləri “İticket” şirkətinə həvalə etmişik. Bilet satışı ilə məşğul olan məhz “İticket” şirkətidir. Dərhal biz klub olaraq şirkətlə əlaqə saxladıq. Bu texniki nasazlığı tezliklə aradan qaldırmağa çalışırlar. Azarkeşlər narahat olmasınlar. Yaxın saatlar onlayn satış bərpa olunacaq. Hal-hazırda kassalarda satış davam edir”.

Xatırladaq ki, “Qarabağ”la “Viktoriya” arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.



Xəbər xətti