Qurban Qurbanov məğlubiyyəti belə şərh etdi

08:26 24 Avqust 2022

Komandamdan çox razıyam. Ağır rəqibə qarşı oynayırdıq. Bizim bütün matçlarımız pley-off səviyyəsində idi. Çox əziyyət çəkdik. İlk hissədə üstünlük bizim tərəfimizdə oldu. İkinci yarıda rəqib cüzi səhvlərimizdən istifadə etdi. Azərbaycan futbolunu daha da tanıtmağa çalışırıq. Futbol səhvlər üzərində qurulub. Rəqibi təbrik edirəm.

Sitat.info xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çexiyada "Viktoriya" (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra deyib.

"Çox danışdım. Futbolçuların hamısı çox üzülmüşdü. Dəstək olmağa çalışdım. Bu, futbolun ən incə hissələrindən biridir. Oyunçular məyus olanda göz yaşlarını saxlaya bilmirlər. Onların yanındayam. Hamısı ilə dostam. Futbolçularımla fəxr edirəm. İrəliyə baxmaq lazımdır".

"Avropa Liqasını Çempionlar Liqasından ayırmıram. Orada elə komandalar var ki, Çempionlar Liqasında oynamağı haqq edirlər. Əvvəlcə püşkatmanı gözləyəcəyik, ondan sonra rəqibləri dəyərləndirəcəyik. Böyümək istəyirik".

Qeyd edək ki, "Qarabağ" mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.

 

 



Xəbər xətti