Sabah güləş üzrə dünya çempionatında mübarizəyə start verəcək Azərbaycan güləşçisi Rafiq Hüseynov mətbuat konfransında iştirak edib.
“Sitat.info” xəbər verir ki, o, konfransda iştirak edən jurnalistlərin suallarını cavablandırıb.
Əcnəbi media nümayəndələrindən biri Hüseynov “son görüşünüzdə Azərbaycan və Türkiyə bayraqlarını qaldırdınız. Bu, ikili vətəndaşlıqla bağlıdır?” deyə sual ünvanlayıb.
Təcrübəli güləşçimiz isə suala bu cür cavab verib: “İlk növbədə, demək istərdim ki, Azərbaycanda belə bir deyim var: bir millət, iki dövlət. Görüşdə qalib gəldim və hər iki ölkənin bayrağını qaldırdım. Biz qardaş xalqlarıq və onun (rəqibin-red.) xətrinə dəymək istəmirdim.
Siz əgər görüşün kadrlarına bir daha diqqətlə baxsanız, görərsiniz ki, görüşdən sonra sevinmirdim, çünki qardaşımın önündə çempion kimi sevinməkdən utanırdım. Azərbaycan və Türkiyə bayraqlarını qaldıranda isə hamı məndən ikili vətəndaşlıq haqda soruşmağa başladı. Mən də onlara cavab verdim ki, bu, ikili vətəndaşlıqla əlaqəli deyil, sadəcə qardaş xalqlarıq və bu bizim qardaşlıq borcumuzdur. Əgər final görüşündə başqa ölkədən olan rəqib olsaydı, bunu etməzdim”.