Bakıda xeyriyyə məqsədi ilə II “Qələbə qaçışı” keçiriləcək

18:39 24 Oktyabr 2022

Noyabrın 6-da Gənclər və İdman Nazirliyi müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm zəfərə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə yürüşü təşkil edəcək.

“Qürurla irəli” şüarı ilə keçiriləcək qaçışa qoşulmaq istəyənlər qeydiyyat zamanı 20 manat iştirak haqqı ödəməlidirlər.

Sitat.info xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, toplanan vəsait Şəhid ailələrinə xeyriyyə məqsədi ilə sərf ediləcək.

“Qələbə qaçışı”nın iştirakçıları yarışa Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start verəcəklər. Qaçış 3 müxtəlif (3 km, 5 km və 10 km) məsafəni əhatə edəcək və iştirakçılar həmin 3 məsafədən hər hansı birində finiş xəttinə çıxa bilərlər.

 

Qaçış çərçivəsində urban (şəhər) idmanı master klasları və maraqlı tədbirlər də təşkil ediləcək.

17 yaşdan yuxarı hər kəs qaçışda iştirak üçün (https://marathon.smartscoring.com/#section-register) linki vasitəsilə 4 noyabr saat 12.00-dək qeydiyyatdan keçə bilər.

Qeydiyyat başa çatdıqdan sonra, müraciəti qəbul edilmiş iştirakçıların e-maillərinə təsdiq məktubu və iştirakçı bələdçisi göndəriləcək.

Ətraflı məlumat və ya qeydiyyat zamanı yarana biləcək hər hansı bir sualla bağlı [email protected] e-mailinə yazmaq və ya hər gün saat 09.00-dan 21.00-dək 012-404-13-83 nömrəli telefonla əlaqə saxlamaq olar.

Xatırladaq ki, ilk “Qələbə qaçışı” ötən il noyabrın 9-da keçirilmişdi.



Xəbər xətti