Ünvanlı sosial yardımın məbləği artıb - RƏSMİ AÇIQLAMA

09:30 27 Oktyabr 2022

"Ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir. 

Orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ünvanlı dövlət sosial yardımı ilə təmin olunur. 

Ünvanlı yardımın hesablanması ehtiyac meyarı əsasında aparıldığından ehtiyac meyarı artdıqca ünvanlı yardımın məbləğində də artım baş verir". 

Bu sözləri Sitat.info-nun sualına cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib. 

Onun sözlərinə görə, ehtiyac meyarının tətbiqinə 2006-dan başlanıb və ötən dövrdə ehtiyac meyarı 6,7 dəfə artaraq 2022-ci ildə 200 manata çatdırılıb: "Onu da bildirək ki, son illər sosial yardıma müraciətin sadələşdirilməsi, onun vətəndaşa əlçatanlığının daha da artırılması üçün 2020-ci ildə müvafiq qanunvericilik təkmilləşdirilib, ünvanlı sosial yardımın təyinatı şərtləri yumşaldılıb.  

Digər sosial ödənişlər kimi, ünvanlı dövlət sosial yardımının məbləğində də artım dinamikası davam edir". 

F.Talıbovun açıqlamasına görə, son 4 ildə ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği 2,5 dəfədən çox artıb: "O cümlədən ötən ilin müvafiq dövrünə nisbətən 41 faiz artaraq 2022-ci ilin 1 oktyabr tarixinə 377 manata çatıb".

Məlumat üçün əlavə edək ki, 2023-cü ildə minimum ehtiyac meyarının inflyasiya həddinə uyğunlaşdırılması gözlənilir. Bu isə ünvanlı sosial yardımın məbləğinə təsirsiz ötüşməyəcək. 

Belə ki, Azərbaycanda gələn il yaşayış minimumu və ehtiyac meyarının bərabər məbləğdə - 246 manat olması nəzərdə tutulur.

Bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir. Nəticədə, 2023-cü ildə yaşayış minimumu 2022-ci illə müqayisədə 17,15%, ehtiyac meyarı isə 23% çox olacaq.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti