"Ermənistan 2023-cü il dövlət büdcəsindən qondarma "Arsax"a 144 milyard dram (təqribən 358 milyon dollar) vəsait ayırmağı nəzərdə tutur. Lazım gələrsə daha 20 milyard dram (təqribən 50 milyon dollar) əlavə vəsait ayrıla bilər. Bu barədə Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan məlumat verib.
Bu məlumat Azərbaycan ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanıb. Bununla Ermənistan hökuməti nə demək istəyir?
Sitat.info-ya açıqlamasında bu sualı cavablandıran Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevinin sözlərinə görə, bu o deməkdir ki, Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti Xankəndi və ətrafında olan (bizim nəzarətimizdə olmayan) əraziləri hələ də Azərbaycanın deyil, Ermənistanın tərkib hissəsi kimi görür: "Soçi görüşündə Paşinyanın köhnə təklifləri yenidən səsləndirməsi, ermənilərin Xan
kəndi mitinqindən ruhlanaraq noyabrda İrəvanda mitinqlərə start vermə anonsları ermənilərin Qarabağ məsələsində bircə addım belə geri çəkilmədiklərinin açıq sübutudur".
E.Musayev hesab edir ki, bu problemin danışıqlarla həlli mümkün deyil: "Heç kəs özünü və millətimizi aldatmasın. Danışıq yolu ilə bu problemin həlli yoxdur. Hərbi yol və antiterror əməliyyatı nəticəsində bu problem çözülə bilər və çözüləcək. Zəngəzur dəhlizinin açılmasına mane olan Ermənistan bütövlükdə Zəngəzuru itirməli olacaq. Kənar təzyiqlər hiss olunur və zaman-zaman bunun təkrar olunacağı gözlənilir. İndi toparlanmaq, qüvvələri səfərbər etmək zamanıdır. Növbədə növbəti Qisas əməliyyatıdır, onda məsələ birdəfəlik həll olunacaq...".
Məğrur,
Sitat.info