Soçi görüşü öncəsi Azərbaycan cəmiyyətində böyük narahatçılıq var idi. Belə ki, Xankəndindəki aksiyadan sonra Paşinyanın hansı məsələləri qaldıracağı, Putin Ermənilərin xeyrinə hansısa razılaşmalara Azərbaycanı məcbur edəcəyi müzakirə edilirdi. Amma bütün bunlar baş vermədi. Bəs Azərbaycan bu masadan necə ayrıldı? Putinin Qarabağla bağlı hansı planları ortaya çıxdı? Kütləvi şəkildə rusları Qarabağa köçürməsi və orada rus icması qurması, sülhməramlıların Qarabağdakı mövcudluğunu uzatması nə anlama gəlir?
Bütün bunlara bizim cavabımız necə olmalıdır və Qarabağı hansı təhlükələr gözləyir?
Bu sualları Sitat.info-ya açıqlamasında cavablandıran hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, əslində Putin bir çox məqamlara aydınlıq gətirməli idi: "Soçi görüşündən sonra mən Azərbaycan mətbuatını və ictimaiyyətin fikirlərini izləyirəm. Doğrusu çox təəccüblənirəm. Bu görüşdə belə olmalı deyildi. Putin orada bir sıra məsələlərə aydınlıq gətirməli idi. Valdayda söylədiyi fikirlərə və Xankəndində keçirilən mitinqdə Ermənistandan qeyri-qanuni gətirilmiş insanlarla bağlı məsələyə aydınlıq gətirməli idi. Putin bir fikir səsləndirdi ki, bəzi məsələlərdə biz razılığa gələ bilməyiblər. Növbətçi politoloq və ekspertlər də başlayıblar ki, bu bizim uğur və qələbəmizdir. Həmin yoldaşlara sual vermək lazımdır ki, 2 il əvvəl müharibənin bitməsinə az qalmış Rusiya bu proseslərə burnunu murdarcasına saldı və proses dayandı. Bu gün Roben Vardanyanlar, Araik Artunyanlar Xankəndində bizə meydan oxuyurlar".
Ü.Cəfərov vurğuladı ki, Qarabağla bağlı vəziyyət getdikcə mürəkkəbləşir və Qarabağ Azərbaycandan uzaqlaşır: "Kim fikirləşir ki, Rusiya Qarabağı Azərbaycana asanlıqla qaytaracaq, mən o adamın arqumentlərini dinləməyə hazıram. Mən şəxsən o fikirləri bölüşmürəm. İlham Əliyev Putinin ağzından yaxşı vurdu ki, Qarabağ məsələsi 2 il bundan əvvəl bitib. Hər halda Rusiyaya sərt suallar yönləndirmək lazımdır. Bu problemi inkişaf etdirən Rusiya Federasiyasıdır. Bizim bəzi millət vəkillərinə yazığım gəlir. Özlərini kənardan pafosla göstərmək istəyirlər. Prezidentimiz Soçidən ayrılmamış burada bəzi deputatlar və şəxslər uğur və qələbədən danışırdı. Hanı o qələbə və uğur? Sadəcə sıradan görüşlərdən biri idi. Azərbaycan prezidenti Azərbaycanın mövqeyini ifadə etdi. Növbəti həftələr də nələr olacaq, onu görəciyik".
Hərbi ekspert qeyd etdi ki, bu dəqiqə Paşinyan Rəisi ilə İranda bəzi məsələləri müzakirə edir: "Bu həmin ermənilərdir ki, Azərbaycana Xankəndində həqarət edirdilər. Sülhməramlılarla bağlı hər hansı sənəd imzalanmadı. Bizimkilər də uğur və qələbədən danışır. Bizim bəzi insanlarımız ya olanları bilmirlər, ya da özlərini gözə soxaraq erməni dəyirmanına su tökürlər. Mən Qərbi də dəstəkləmirəm. Qərb Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıyır və bu məsələnin bitməsini istəyir. Putin Paşinyana Qarabağ müzakirəsini bitirmək lazım olduğunu deyir. Bu müzakirəni Rusiya Federasiyası yaradıb, Rusiya da bitirməlidir".
Ü.Cəfərov diqqətə çatdırdı ki, Putin Ukrayna məsələsində pərt olub: "Taxıl müzakirəsi uğursuzluğundan sonra Putini necə sındırmışdılarsa, hətta o məsələyə də münasibət bildirdi ki, mən icazə verməyəcəm oradan taxıl daşısınlar. Sonra da ona dedilər ki, sən kimsə ki, dünya ilə oynuyursan. Biz sənsiz taxılı daşıyacığıq. Dərhal tülkücəsinə 180 dərəcə geri dönüş etdi ki, biz prosesdən çıxmırıq sadəcə, keçici olaraq dondururuq. Onun Sivasda gəmiləri vurulub deyə dünyaya meydan oxumaq istəyir. Dünya da qışın astanasında diktatorun hikkəsi ilə oynamalı deyil. Bir daha qeyd edirəm ki, Soçidə keçirilən görüşdə bir sıra məsələlərə də aydınlıq gətirilmədi. Xüsusi ilə də sülhməramlılar komandanlığı altında keçirilən mitinq bir azərbaycanlı olaraq mənim üçün təhqiramiz idi. Biz bu məsələnin üstündən keçərək özümüzü aldadırıq, ermənilər isə orada toplanaraq Azərbaycana həqarət səsləndirirlər".
Səid İsaoğlu,
SİTAT.İNFO