"Naxçıvanla quru sərhədi açıldıqdan sonra "muxtar respublika" statusunun heç bir əhəmiyyəti yoxdur".
Bu sözləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Sitat.info-ya açıqlamasında bildirib:
Partiya sədrinin sözlərinə görə, status məsələsi yersiz şişirdilib: "Əvvəla bunu bilmək lazımdır ki, Naxçıvanın statusu məsələsi yalnız Azərbaycanın deyil, beynəlxalq razılaşma ilə müəyyən edilmiş məsələdir. Həmçinin, Naxçıvanın statusu son vaxtlar Sovet dövründəki statusu ilə eyni deyil. Azərbaycan müstəqillik əldə etdikdən sonra həm Konstitusiyada Naxçıvana lazımsız status artırılıb, həm də qeyri-qanuni olaraq Naxçıvanda olan hakimiyyət öz statusunu artırıb.
Məsələn, Azərbaycanla Naxçıvan arasında gömrük xidməti yaradılıb. Orada tamamilə Azərbaycan nazirliklərinə tabe olmayan nazirliklər yaradılıb və bu günə qədər Prezident İlaham Əliyevin verdiyi əmrlərin, sərəncamların heç biri Naxçıvanda icra olunmayıb. Həmçinin bura idarəetmə üsulunu da aid edə bilərik. Bütün bunlar nəhəng korrupsiyalara, insan hüquq və azadlıqlarının pozulmasına və s. gətirib çıxarır".
S.Cəlaloğlu vurğuladı ki, şayiə də olsa Naxçıvanın Rusiya ilə gizli əlaqələr qurduğu deyilir: " Təsadüfi deyil ki, Qarabağ müharibəsində rus qoşunlarının Azərbaycana yeridilməsinin bəhanələrindən biri də Naxçıvanda helikopterin vurulması oldu. Bu günə qədər də həmin helikopterin kimin göstərişi ilə, nə məqsədlə vurulduğu bəlli deyil. Bu hadisə isə Qarabağ müharibəsinin tam və mütləq şəkildə başa çatmasına mane oldu. Bu kimi çox ciddi məsələlər var. Görünür, Azərbaycan hakimiyyəti artıq başa düşür ki, Naxçıvandakı status müəyyən problemlər yaradır".
S.Cəlaloğlu qeyd etdi ki, digər məsələ Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvanın hazırkı statusunun həmin dəhlizin əhəmiyyətinə necə təsir edəcəyidir: " Bu dəhliz Azərbaycan qanunlarına tabe olmayan bir rejimin ərazisindən necə keçəcək? Bu da böyük bir problemdir. Fikrimcə, Naxçıvanın statusunu ən azı "muxtar" status səviyyəsində azaltmaq, oradakı özbaşınalıqları, Azərbaycan qanunlarına tabe olmamaq meyillərini aradan qaldırmaq lazımdır".
Partiya sədri hesab edir ki, Naxçıvanda araşdırma aparılarsa, ciddi korrupsiya faktları da aşkarlana bilər: "Son vaxtlar Naxçıvanda aparılan yoxlamalar nəticəsində oradakı hakim ailənin bir üzvünün 400.000.000 dollar həcmində vergidən yayınması ilə bağlı faktlar üzə çıxıb.
Bu yoxlamaların davam edəcəyi təqdirdə Naxçıvanın bütün Nazirliklərində, komitələrində nəhəng korrupsiyalar meydana çıxacaq. Orada həm də iqdisadi cinayətkarlıq Azərbaycanın nəzarətindən kənardadır. Naxçıvanla quru sərhədi yararandıqdan sonra Naxçıvanın "muxtar respublika" statusunun heç bir əhəmiyyəti yoxdur".
Seymur Bənnayev,
SİTAT.İNFO