"Kreml Azərbaycan və Ermənistana çağırış edib. Rusiya Prezidentinin sözçüsü Dmitro Peskov bildirib ki, hər iki tərəf sabitliyi pozmaqdan çəkinməlidir. O, bunun jurnalistin sərhəddəki son gərginliklə bağlı sualına cavab verərkən söyləyib. Moskva yenə də “balanslı” olmağa çalışıb. Əslində isə məkrli niyyətini ortaya qoyub".
Bu fikirləri siyasi şərhçi Kənan Novruzov Sitat.info-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Peskov bu fikirləri səsləndirməklə tərəfsiz olduğunu, regiondakı sabitlikdə maraqlı olduğunu göstərmək istəyib: "Əlbəttə, Rusiya gərginlikdə birbaşa Ermənistanı ittiham edə bilməzdi. Bu, ikitərəfli diplomatik münasibətlərə kölgə salmaqla yanaşı, həm də Qarabağdakı rus sülhməramlıların fəaliyyətsizliyinin ifşa edilməsi olardı. Ona görə Peskov Azərbaycanın da adını çəkməli olub.
İkincisi, Peskov bu yolla Rusiyanın regiondakı vasitəçilik rolunu bir daha xatırlatmaq istəyib. Ola bilsin, o, bu yolla Moskvanın prosesləri diqqətlə izlədiyini və nəzarətindənkənar nəyinsə baş verə bilməyəciyini diqqətə çatdırmağa çalışıb".
Siyasi şərhçinin fikrincə, Peskov eyni zamanda gərginliyi gündəmə gətirməklə sülhməramlıların rolunu yada salıb: " Məlumdur ki, regiondakı konflikt Rusiyanın Cənubi Qafqazdakı mövcudluğu üçün yeganə məqamdır. Yəni gərginlik Moskvaya hava- su kimi lazımdır".
K.Novruzov vurğuladı ki, Qarabağdakı sülhməramlıların fəaliyyəti müddətinin bitməsi vaxtı yaxınlaşdıqca Ruiyanın narahatlığı artır: " Rəsmi Moskva bu müddətin uzanmasını istəyir. Ona görə ona zəmin yaradır, sülhməramlıların Qarabağdakı mövcudluğunun zəruriliyini göstərməyə çalışır. Gələcəkdə Kremlin bu istiqamətdəki bəyanatlarsının intensivləşməsi və təxribatların artması gözləniləndir.
Yəni Peskovun sözügedeən açıqlaması məqsədlidir. Lakin Rusiya başa düşməlidir ki, bu, Azərbaycanla münasibətlərə təsir edə bilər".
Novruzov hesab edir ki, rəsmi Bakı artıq münaqişə səhifəsini bağlayıb: " Biz regionda sülh və sabitliyin tərəfdarıyıq. Məqsədimiz regional əməkdaşlığın təmin edilməsidir. Bunu dünya ölkələrinə, xüsusilə qonşularımıza göstəririk. Əgər Rusiya bizim xoş niyyətimizi görmür və görmək istəmirsə, deməli, münasibətlərin pisləşməsini gözə alır. Məsələ ondan ibarətdir ki, Kreml Azərbaycanı Ermənsitanla eyniləşdirib və bizim də gərginliyə səbəb olduğumuzu bildirib. İndi Bakı ilə münasibətlərin pozulması Moskvaya lazım deyil. Əksinə, tədricən sivil dünyadan təcrid olunan Rusiyaya regional və beynəlxalq siyasi aktor olan Azərbacanla xoş münasibət çox lazımdır. Bu mənada Peskov və onun kimi digər rəsmilər bəyanatlarına diqqət etməlidir. Başa düşməlidirlər ki, hər yöndəmsiz açıqlama bumeranq effekti verə bilər".
Seymur,
Sitat.info