"Azərbaycanda ümumiyyətlə investisiya yatırımları çox zəifdir. Hökumət daha çox infrastruktur yatırımları hesabına Azərbaycan iqtisadiyyatında müəyyən aktivliyin əldə olunmasına çalışıb. İllərdir bu konsepsiyanın reallaşmasını görürük. İndi də işğaldan azad olunmuş torpaqların bərpa işlərinə vəsaitlərin ayrılması həmin yanaşmanın tərkib hissəsidir. Təbii ki, ora vəsait ayrılmalıdır. Həmin bölgələr infrastruktur olaraq yaşanacaq bir hala gəlməlidir. Amma başqa sahələrdə də, real sektorda müəyyən yatırımların olmasına acil ehtiyac var".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun fikrincə, iş yerləri ilə bağlı problemlərin yaşanmaması, insanların gəlirlərinin artması məhz real sektora qoyulan investisiyalarla bağlıdır: "Burada dövlətin birbaşa investisiya yatırımasına o qədər də ehtiyac yoxdur. Sadəcə dövlət və biznesin birlikdə müəsisələri yaradıla bilər. Yəni investisiyaların bir hissəsini dövlət, bir hissəsini özəl sektorlar qoya bilər. Xarici investorlar üçün yaxşı şərait yaradıla bilər. İnvestisiya mühiti yaxşılaşdırıla bilər. Bütün bunlar Azərbaycanda iqtisadi inkişafın yeni mərhələsini təşkil etməlidir".
İqtisadçı vurğuladı ki, təkcə dövlət investisiyaları hesabına real sektoru ayaqda saxlamaq da mümkün deyil: "Ümumiyyətlə dövlətin özü iqtisadiyyatda birbaşa iştirak etdiyi zaman bu fəsadlara səbəb olur. Biz dəfələrlə bunu görmüşük. Məsələn, "Azərxalça"nın timsalında... Dövlət müəsisələri açılır real sektorda və bu ziyanla işləyir. Beləcə korrupsiya mənbəyinə çevrilir. Ona görə də burada yeni mexanizmlərə, yeni yanaşmaya ehtiyac var. Dövlət tikə bilər, amma özəl idarəetməyə devr etməlidir. Bu daha effekiv model yaratmağa imkan yarada bilər. Neft və qaz gəlirlərinin artması da burada fərqli yanaşma gətirə bilər. İnvestisiyalardan daha çox vergi güzəştlərinin tətbiqi, mənfəət vergisinin, həm də ƏDV-nin aşağı salınması biznesi stimullaşdıracaq.
Səid İsaoğlu,
Sitat.info