Ukrayna öz torpaqlarını geri almayana qədər müharibə dayanmayacaq - Asim Mollazadə

10:37 11 Noyabr 2022

Rusiya ilə Ukrayna arasında müharibəni bitirməklə bağlı danışıqların nə zaman başlayacağı hər kəsi düşündürən sualdır. Bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, taxıl razılaşmasından sonra növbəti hədəfi sülh danışıqları üçün tərəfləri bir araya gətirməkdir.

Ekspertlər hesab edir ki, hazırda Rusiya özü də danışıqlarda maraqlıdır. Çünki Rusiyanın qüvvələrinin tükəndiyi, Ukraynanın yeni silahlar aldığı, hava şəraitinin çətinləşdiyi bir vəziyyətdə Rusiyanın danışıqlara hazırlaşması məntiqli görünür.  Bəs Rusiya  danışıqlara can atarsa Ukrayna da buna gedəcəkmi? Bu savaşda sülh yaxındırmı?

Sitat.info-nun bu suallarını cavablandıran millət vəkili Asim Mollazadə bildirdi ki, Rusiya danışıqlar istəyir, zəifliyini anlayaraq hərbi əməliyyatları saxlamaq niyyətindədir: "Lakin Rusiya  qoşunları geri çəkmək niyyətində deyil. Ukrayna tələb edir ki, Rusiya bütün qoşunlarını ərazidən tam olaraq çıxarsın. Sonra, danışıqlar mümkün olacaq. Rusiya qoşunları çəkməyənə qədər və ya Ukrayna öz torpaqlarını geri almayana qədər bu davam edəcək. Mən yaxın zamanda Rusiyanın öz istəklərinə nail olmasına inanmıram".

Səid İsaoğlu,
Sitat.info



Xəbər xətti