Əliyev Türk Zirvəsində Güney Azərbaycan mesajı verdi: "40 milyon azərbaycanlının..."

12:08 11 Noyabr 2022

"Əliyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə Güney Azərbaycanla bağlı mesajlar verdi:

Birincisi, Güney Azərbaycan işğal altındadır: “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir” sözlərini bu cür oxuya bilərik;

İkincisi, Türk dünyası güneydəki soydaşlarımıza dəstək olmalıdır:

- “Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur".

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı prezidentin Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündəki çıxışını dəyərləndirərkən deyib. 

Onun sözlərinə görə, Prezident qeyd edib ki, türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır: "

Üçüncü mesaj bu oldu ki, Güney Azərbaycanın müstəqil olması, yaxud ən azı hüquqlarının bərpasının zamanı çatıb:

 “Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır”

Dördüncüsü, Azərbaycan güneydəki soydaşlarımıza dəstəyini davam etdirəcək:

- “Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.

A.Nərimanlı vurğulayıb ki, Prezidentin bu çıxışı həm də güneydəki soydaşlarımıza “yanınızdayıq” mesajıdır.

Məğrur,

SİTAT.İNFO



Xəbər xətti