İrəli getmək istəyən universitetlərimizi kim tutub saxlayır - Ekspertdən sərt mövqe

14:55 11 Noyabr 2022

 

"Ötən gün maraqlı bir müzakirədə iştirak etdim. AzEdu Təhsil Portalı “Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər” mövzusunda dəyirmi masa təşkil etmişdi. Yekun qənaətim bu oldu ki, universitetlərimizin beynəlxalq reytinqlərdə irəliləməsi üçün daha çox işi hökumət görməlidir. Çox sayda nümunələr var ki, sanki hökumət qabağa çıxmaq istəyən universitetlərimizi, necə deyərlər "tutub saxlayır". Rəqabətli mühitin inkişafı əvəzinə, mühit daha da məhdudlaşdırılır".

Bu fikirləri Sitat.info-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. 

Onun sözlərinə görə,   UNEC və digər universitetlər distant təhsilə xeyli investisiyalar yatırdılar, müəllimləri , elektron resursları hazırladılar. Lakin bununla onlar nəinki irəli çıxa bildilər, nəinki yeni təhsil xidmətini lokal və qlobal bazara çıxara bildilər, yatırılan investisiyadan nəinki pul qazana bildilər, əksinə ziyana düşdülər.

O.Gündüz vurğuladı ki, səbəblər çox sadədir: "Qanunvericilik bu tip universitetlərin irəli çıxmasına mane olur. ETN də bu istiqamətdə yetərincə təşşəbbüskar deyil.

İkinci məqam - ölkədə on illərdir ki, rəqəmsallaşma gedir. Tələbələrin siyahıları bir neçə qurumun elektron reyestrlərindədir. Yəni tələbə miqrasiyasına nəzarət üçün hökumətin yetərli imkanları var. Amma hökumət diplom vermək səlahiyyətini universitetlərə vermək istəmir. Daha bir nümunə - universitetlərimiz özlərinin təşkil etdiyi, beynəlxalq standartlardan aşağı olan distant təhsil əsasında tələbəyə diplom verir və hökumət bunu tanıyır. Amma, Harvardı distant bitirənin diplomunu tanımır. Çünki qanunlarımız buna imkan vermir. Hətta ən xırda məsələlər üçün universitetlər ETN-ə müraciət etmək məcburiyyətindədir. Düşünürəm ki, hökumət, universitetlərimiz regional və qlobal təhsil bazarına çıxmaq üçün, regional və qlobal təhsil platformalarına inteqrasiya üçün hələ çox iş görməlidir".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti