Rusiya məğlubiyyətini etiraf edir: "Qərb kapitulyasiya sənədini Rusiyaya təqdim edəcək"

12:39 14 Noyabr 2022

2022-ci il fevralın  24-də Rusiyanın Ukraynaya hücumu  ilə dövlətlər arasında müharibə başlandı. Aylardır davam edən savaş həmin dövlətlərin zəifləməsinə səbəb olur. Rusiyanın digər ölkələrlə münasibəti getdikcə pisləşir. Bu dövlət sivil dünyadan təcrid olunur.  Hər 2 tərəf artıq hərbi cəhətdən çökmüş vəziyyətdə olsa da, Rusiyanın durumu daha ağırdır.  Bəs yaxşı, Rusiya artıq məğlubiyyətini etiraf edirmi? Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamenti direktoru Mariya Zaxarova deyib ki,  hazırkı reallıqda biz danışıqlara hazırıq. O “hazırkı reallıq” dedikdə nəyi nəzərdə tutur?

Bu barədə Sitat.info-nun sualını cavablandıran politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Rusiya artıq öz qoşunlarını Xerson istiqamətinə çıxardır və Ukraynanın əks hücumları  müsbət nəticə verir: “Rusiya müdafiə naziri  Sergey Şoyqu Xersonda qoşunlarının müdafiəsini təşkil etmək və qorumaq üçün bu addımı atdığını söyləyir. Görünən budur ki,  Rusiya artıq Ukraynada hərbi məğlubiyyətlə üzləşib.  Mariya Zaxarovanın da qeyd etdikləri Rusiyanın reallıq qarşısında,  xalq qarşısında olduğunu göstərir. Məhz bu reallıq Rusiyanın məğlub olmasının etirafı kimi qiymətləndirilir".
Onun fikrincə, Rusiyanın Ukraynada başlatdığı işğal və ilhaq siyasəti iflasa uğradı: "Bu proseslər  Qərb blokunun qələbəsi ilə yekunlaşmaq üzrədir.  Düzdür, müharibənin bitməsi bir neçə ay çəkəcək, amma,  Rusiya həm siyasi, həm də hərbi baxımdan kifayət qədər məğlubiyyətlə üzləşdi".

Analitikin sözlərinə görə, Rusiyanın 24 fevral sərhədlərinə qayıtması və danışıqlar prosesinin başlanması mümkündür: "Əlbəttə, danışıqlar prosesində Qərb bloku Rusiya üçün elə bir sənəd hazırlayacaq ki,  bu Rusiyanın kapitulyasiya aktı olacaq. Çünki ötən il müharibədən əvvəl  Rusiya Qərb blokuna ultimatum vermişdi. ABŞ başda olmaqla NATO bu ultimatuma cavab olaraq Rusiyanın hərbi məğlubiyyəti fonunda kapitulyasiya sənədini Rusiyaya təqdim edəcək. Bu da kapitulyasiya cavab kimi qiymətləndiriləcək".

Səbinə Elmanqızı,

BDU Jurnalistika fakültəsinin tələbəsi

SİTAT.İNFO



Xəbər xətti