"İranın Azərbaycan daxilində çox ciddi şəbəkəsi var. Əfsuslar olsun ki, illərdir xurafatdan və dini inancdan istifadə edərək, o cümlədən təriqət zəminində İran Azərbaycan daxilinə çox girib, dini təhsil adı ilə xeyli insanı İrana aparmış və orada agentura işinə cəlb edib. Həbs olunanlar barədə hüquq mühafizə orqanları araşdıracaqlar. Amma İran ciddi cəhdlərlə çalışır ki, daha çox insanı bu sferaya cəlb etsin. Sosial cəhətdən müdafiəsiz təbəqəni, dini kəsimin nümayəndələrini, təriqətin xurafata meyl edən nümayəndələrini, o cümlədən etnik separatizimə meyl edənləri daha çox cəlb edir. Bu istiqamətdə hələ də kifayət qədər agentura şəbəkəsi var".
Bu sözləri Sitat.info-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.
Onun sözlərinə görə, bəziləri hələ ki, pərdələnə bilir, amma təəssüf ki, pərdələnməyən xeyli insan var: " İran Azərbaycanın daxilində hər zaman öz gücünü göstərmək üçün Cənubi Azərbaycanda baş verəcək hadisələri əngəlləmək üçün quzey Azərbaycanı poliqona çevirməyi düşünür. Şükürlər olsun ki, buna zaman-zaman nail olmağa çalışsa da, dövlətimizin hüquq- mühafizə orqanları bu işdə aktivlik göstərirlər".
İ.Ağazadə hesab edir ki, biraz da irəliyə gedərək DTX-nın arxivləri açılmalıdır: " Xüsusilə siyasi və ictimai sektorda olan adamların Rusiya, İran və digər ölkələrin bağlılıq məsələsi araşdırılmalıdır. Cəmiyyətə də açıq-aşkar bilinməlidir ki, onun siyasi və ictimai həyatında iştirak edən adamların nə qədər dövlətə bağlı olduğunu və nə qədər bu dövlətin fəaliyyətində səmimi və ciddi mübarizə apardığını görməlidir. Başqa dövlətlərə bağlı olanlarda ifşa olunmalıdır. Aktiv fəaliyyət göstərənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Passiv keçmişdə buna bağlı olanlar barədə cəmiyyətin informasiyası olmalıdır. Hesab edirəm ki, İran təhlükəsi bu gündə var. Hökümət daha ciddi şəkildə buna qarşı mübarizə aparmalıdır".
Səid İsaoğlu,
Sitat.info