Cavanşir Abbaslı: “Fuad Muradov, artıq sizə bu nəticə çox şey demir?”
Məlum olduğu kimi, noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qətnamə qəbul olunub. Qəbul olunan bu qətnamə ölkəmizdə sərt reaksiya doğurub. Fransaya ən sərt formada cavab vermək üçün çağırışlar edilir.
Mövzunu Sitat.info-ya AĞ Partiya sözcüsü, siyasi şərhçi Cavanşir Abbaslı şərh edib. Partiya funksioneri qəbul edilən qətnamə ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsini daha çox “top atəşinə tutub":
"Fransa Senatının bu qətnaməni qəbul edəcəyini hər kəs gözləyirdi. Son bir ayda bu məsələ vaxtaşırı müzakirə olunurdu. Amma bu formada səsvermə nəticəsinin olacağı açığı mənim üçün gözlənilməz oldu. Çox təəssüfləndim. Bilirsiniz nəyə? Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin bu qədər bacarıqsız, səriştəsiz fəaliyyətinə. Təsəvvür edin ki, 295 senator əleyhimizə olur, yalnız biri lehimizə. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, artıq sizə bu nəticə çox şey demir? Əgər bacarmırsınızsa, kreslonuzdan nə qədər yapışacaqsınız? Ölkənizi bütün dünyada nə qədər biabır edəcəksiniz? İndi deyəcəklər ki, bəs Fransada lobbimiz zəifdir. Hansı ölkədə güclüyük ki, Fransa qalıb? Bir ay idi ki, belə bir qətnamənin müzakirə ediləcəyi deyilirdi. Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Xarici İşlər Nazirliyi hansı işləri gördü? Gördükləri iş elə bir nəfər senatoru tərəfimizə çəkmək oldu? XİN “biz bu qətnaməni qəbul etmirik” deməklə işini bitmiş sayır. Hara qədər bu hal davam edəcək? Diasporla İş üzrə Dövlət Komitəsi filan qədər filan ölkədə lobbiyə pul ayrılıb kimi açıqlamalar verməklə guya böyük bir iş gördükləri görüntüsünü yaratmaqla məşğuldurlar. Düşünürəm ki, adları çəkilən qurumlar barədə tez bir zamanda qəti addımlar atılmalıdır. Əks halda necə ki, 12-13 sentyabr tarixlərində ermənilərin təxribatına Azərbaycan ordusu layiqli cavab verdiyi zaman bütün Avropada anti-Azərbaycan təbliğatına start verilmişdi, indi də bu tipli qətnamələrin digər ölkələrə də yayılma riski var. Bir sözlə Fuad Muradovların diasporaların başında dayandıqları ölkələrdə lobbi fəaliyyətində uğurlar əldə etmək ehtimalı Xəzər dənizdə damla qədərdir...”.
Ekspert Fransanın bu düşmənçiliyinə Azərbaycan tərəfinin layiqli cavab verməsi üçün hökumətə çağırış da etdi: “Xatırlayırsınızsa, II Qarabağ savaşı vaxtı da bu tipli qətnamə Fransa Senatında qəbul edilmişdi. Amma Makron təsdiq imzası atmamışdı. Böyük ehtimalla indi də elə olacaq. Sadəcə artıq buna bir cavab verilməlidir. Bu həmin Fransadır ki, Afrikada, Əlcəzairdə, Ruandada törətdiyi dəhşətli qətlləri hələ də bütün dünya unutmayıb. Niyə keçmişini Parisə xatırlamamalıyıq? Ermənilərin Qarabağdakı vəhşilikləri ilə Fransanın 1945-ci ildə Əlcəzairdə törətdiyi qətliamla bir fərqi varmı? Baxın, bu məsələlər müzakirəyə çıxarılmalıdır. Təcavüzkarın yanında dayanan bu ölkədə Azərbaycan artıq muzeylərin təmirinə son qoymalıdır. Parisin mərkəzində Mədəniyyət Mərkəzimiz var. Bizə qarşı qətnamə qəbul edən bu ölkədə mənim Mədəniyyət Mərkəzim nə üçün fəaliyyət göstərməlidir? Ümumiyyətlə, hansı fəaliyyəti aparacaq? Bu mərkəzin elə saxlanılmasına il ərzində külli miqdarda vəsait cəlb olunur. Həmin vəsaitlə Fransanın Ermənistan ərazisi kimi tanıdığı Qarabağımızda hansısa bir işi görə bilmərik?”.
Seymur Bənnayev,
SİTAT.İNFO