"Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti və Xüsusi Xidmət Orqanları çox ciddi əməliyyatlar aparır. İranın Azərbaycanda olan agentura şəbəkəsinin aşkarlanması bu əməliyyatlardan biridir.
İran nə qədər müxtəlif bəhanələr gətirsə də, müxtəlif təhdidedici addımlar atsa da, Azərbaycan Xüsusi Xidmət Orqanları vəziyyətə tam nəzarət edir".
Bu sözləri Sitat.info-ya açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.
O, İran agenturası tərəfindən yığılan məlumatların Azərbaycana qarşı dostluqdan xəbər vermədiyini bildirib:
"Bizim enerji sektoruna, gəmilərimizə, boru kəmərlərimizə, hərbi texnikamıza qarşı olan addımlar, İran agenturası tərəfindən yığılan məlumatlar birmənalı şəkildə Azərbaycana qarşı dostluqdan xəbər vermir. İran dövlət olaraq öz agentlərinə nəyin bahasına olursa olsun Azərbaycan haqqında çox ciddi məlumatlar toplamaq əmri verib. Bu məlumatları Ermənistana ötürmək kimi bir funksiyanı da yerinə yetirir. Bu gün İran Ermənistanı özünün tərəfdaşı etməklə bizim hərbi vəziyyətimiz, texnikamız, enerji sektorumuz haqqında bir mənalı şəkildə məlumatlar ötürür".
A. Nağıyev xüsusi olaraq qeyd edib ki, ifşa olunanlar içində dini təhsil və yaxud müəyyən madiyyat hesabına cəlb olunmuş agentura şəbəkəsidir, bunlar İran Xüsusi Xidmət Orqanlarının dəsti xəttidir.
Millət vəkili Türkiyə də baş verən terror aktına da toxunub: "Son vaxtlar Türkiyə də baş verən terror aktı onu göstərir ki, Xüsusi Xidmət Orqanları gücləndirilmiş iş rejimində çalışırlar. Əməliyyat şəraitinə ciddi riayət olunur. Terror aktı törədənlərin hər bir addımı izlənilir. Türkiyə də baş verən terror aktına nəzər salsaq görərik ki, əsasən məqsəd insanları qorxutmaq, dövlətə qarşı olan inamı zəiflətmək, turizm sektorunu məhv etməkdən ibarətdir. Azərbaycan daim Türkiyənin yanındadır. Koordinasiyalı şəkildə hər iki dövlətdə Xüsusi Xidmət Orqanları əməliyyat şəraitinə nəzarət edir və istənilən təhdidin qarşısını almağada hazırdırlar".
Züleyxa Ağamalıyeva,
SİTAT.İNFO