Fransaya necə göz dağı vermək olar: Natiq Cəfərli maraqlı məqamlara toxundu

17:25 16 Noyabr 2022

"Fransa senatının qəbul etdiyi mənasız, hüquqa zidd sənədinə Azərbayacan sərt reaksiya verməlidir, amma populizmə yuvarlanan açıqlamalar, mövqelər də görürəm. İstərdim ki, məntiqə, rəqəmlərə söykənən yanaşma və atılacaq addımların düşünülmüş alqoritmi olsun".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Fransa ilə ticarəti baykot etmək bu ölkəyə təsir edəcək üçün uğurlu alət deyil: "Bu ilin ilk 9 ayında Azərbaycan Fransaya cəmi 48 mln.691 min dollarlıq mal-məhsul (əsasən neft) ixrac edib – bu ölkənin həmin dövrdə ixracının cəmi 0,16%-dir. Eyni dövrdə Fransa Azərbaycana 170 mln. 182 min dollarlıq mal-məhsul ixrac edib ki, bu da ölkəmizin idaxalının cəmi 1,65%-dir. Yəni, biz Fransaya mal satmamaq, ordan da mal almasaq heç bir təsiri olmayacaq. 2021-ci ildə Fransanın ümumi ixracı 585 mlrd. dollar olub, indi Azərbaycan 200 mln. dollar mal almasa nə olacaq?! Heç nə, hətta biz onlara 50 mln. dollarlıq neft satmasaq da Fransaya heç bir təsiri olmayacaq".

N.Cəfərlinin sözlərinə görə, Fransaya təsir edəcək məsələlərdən biri Azərbaycanda çalışan Fransız şirkətləridir – bu ölkənin 300-ə yaxın şirkəti məmləkətdə işləyir: " Aralarında “Alstom”, “Thales”, “Schneider-Electric”, “Suez”, “Technip”, “Total”, “Lafarge-Holcim” (bu şirkət daha çox İsveçrəyə bağlıdır) kimi tanınmış, öz lobbi qrupları olan, Fransa siyasətinə təsir edə biləcək şirkətlər də var. Azərbaycan hökuməti həmin şirkətləri dəvət edib onlarla danışmalı, onların Fransa siyasətinə təsir mexanizmlərindən istifadə etməyi öyrənməlidir – hamımız bilirik ki, hökumət iqtisadiyyatı normal etməyi bilməsə də, şirkətlərlə sərt danışmağı yaxşı bacarır".

İqtisadçı onu da əlavə etdi ki, biz nə etsək də, Fransanın mövqeyini kökündən dəyişə bilməyəcəyik, bunun obtektiv-subyektiv səbəbləri var: "Ona görə də, Azərbaycan hökuməti özünü və bizi aldadıb, güya, “Fransa mövqeyini dəyişəcək”, adıyla həmin ölkədə kilsə-muzey, park təmirindən vaz keçib milyonlar xərcləməyi dayandırmalıdır. Bu yol işləmir, hökuməti, “hər şeyi pulla həll edərik”, yanaşması Fransada çalışmır-çalışmayacaq".

Ekspert vurğuladı ki, Fransanın rəqiblərini dəstəkləmək ona daha ciddi təsir edə bilər: " Fransaya təsir edə biləcək ən böyük addımlardan biri isə bu ölkənin dünyanın müxtəlif bölgələrində digər ölkələrlə rəqabəti zamanı rəsmi Parisin rəqiblərini dəstəkləməkdir – Fransaya təmirə milyonlar xərcləməkdənsə, rəsmi Parisin rəqiblərinə Afrika, Asiya ölkələrində milyonlar xərcləmək daha məntiqlidir, özü də ki, dünyanın bu bölgələrində Fransanın açıq-gizli rəqibi həmişə Böyük Britaniya olub, niyə də ingilis dostlarımızı daha yaxından dəstəkləməyək?! Xülasə, emosiyaları, populizmi kənara qoyub ağılla-məntiqlə, peşəkarlıqla bu mövzularda düşünmək, qərarlar almaq və davranmaq lazımdır...".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti