Ərdoğan Putini dəstəkləyir? Sərdar Cəlaloğludan MARAQLI TƏHLİL

15:55 17 Noyabr 2022

Azərbaycan  işğala məruz qalan dövlət kimi Ukrayna ilə həmdərddir və müharibənin başladığı ilk gündən ciddi dəstək nümayiş etdirir. Digər tərəfdən daim Azərbaycana hərbi-siyasi dəstəyini əsirgəməyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan ictimaiyyətinin sevdiyi şəxsiyyətlərdən biridir. Ancaq hazırki dövrdə müxtəlif beynəlxalq tədbirlərdə Ərdoğanın vaxtaşırı Putinin yanında görünməsi, ikilinin səmimi münasibətləri və Ərdoğanın Rusiyanı müdafiə edən bəzi açıqlamaları cəmiyyətdə suallar doğurur? Ərdoğan niyə təcavüzkar Rusiya liderinin əlini sıxır, niyə bu qədər yaxındır? Niyə o da Qərb liderləri kimi sərt mövqedə durmur? Ümumilikdə bugünki duruşunun Ukraynaya faydası , yoxsa zərəri daha böyükdür? 

Bu sualları Sitat.info-ya açıqlamasında cavablandıran Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirdi ki, Ərdoğan nə Putini, nə də Rusiyanı dəstəkləmir: "Bu gün digər dövlətlərə qoşulub Rusiyaya qarşı müharibə elan etmək başqa məsələdir, amma Rusiya ilə Ukrayna arasında münasibətləri yoluna qoymaq, müharibədə qələbə üçün Ukraynanya lazım olan dəstəyi vermək, Rusiyanı da bu müharibədən çəkindirmək və onunla müəyyən əməkdaşlıq etmək o demək deyil ki, Ərdoğan Putinin yanındadır. Bu tamamıilə yanlış fikirdir".

S.Cəlaloğlu vurğuladı ki, Zelenski dəfələrlə Ərdoğana öz minnətdarlığını bildirib: "Ərdoğan bilavasitə Putinlə danışaraq Azovun 5 nəfər yüksək rütbəli zabitini azad etdi. Hansı ki, onlar Rusiyada ölümlə cəzalandırılacaqdı, Ərdoğan onları azad etdi və hələ də Türkiyədə saxlayır. Eləcə də, Ukrayna taxılının dünya bazarına çıxarılması məsələsində, Türkiyə qeyri-adi dərəcədə müstəsna rol oynayır. Rusiyanın hərbi qüvvələrini Qara dənizə boğazlardan buraxmaması ən ciddi addımlardan biridir".

Partiya sədrinin sözlərinə görə, Ərdoğan və Türkiyə elə bir mövqe tutur ki, Rusiya ilə Ukrayna arasında vasitəçilik edə bilsin: "O çalışır ki, hər iki tərəflə müəyyən mənada əlaqələr saxlamaqla, iki ölkə rəhbərini bir araya gətirmək imkanına malik olsun. Bu da Ərdoğanın dünyada misli görünməmiş liderlik keyfiyyətinə malik olmasını göstərir. Bu yaxınlarda Avropa mətbuatının özündə, hətta, Makron kimi Türkiyəyə qərəzli münasibətdə olan bir adam Ərdoğanın dünya miqyaslı və qeyri-adi istedada malik lider olduğunu etiraf etdi".

Partiya sədri onu da əlavə etdi ki, Türkiyə hazırda Ukraynaya yardım edir: "Mən düşünmürəm ki, Türkiyə və Ərdoğan Rusiyanı müdafiə edir.  Rusiyaya düşmən olmamaq, hələ  onu müdafiə etmək demək deyil. Biz də Rusiyaya düşmən mövqedə deyilik, amma nə Krımın, nə də digər ərazilərin işğalını tanımırıq. Yəni, bu mənada bizim Rusiya ilə münasibətimiz onu müdafiə etməkdirsə, Ərdoğanında münasibəti müdafiə etməkdir. Hərbi cəhətdən Ukraynaya Türkiyə açıq-açığına dəstək verir. Lazım olan iqtisadi dəstəkləri verir, eləcə də, Rusiya ilə müəyyən bir münasibətlər saxlayır ki, liderlik və dövlətçilik üzünü itirmədən bu münaqişədən hansısa formada çıxa bilsin. Düşünürəmki, Ərdoğanın hazırki siyasəti İkinci Dünya Müharibəsində İsmət İnönünün apardığı siyasətlə eynidir və alqışlanmalıdır.

Səid İsaoğlu,
Sitat.info



Xəbər xətti