"Zelenski gərək Türkiyəyə sığınsın, elə Rusiya da..." - Siyasi şərhçidən SAVAŞ PROQNOZU

15:02 18 Noyabr 2022

"Mən həmişə müsahibələrimdə demişəm ki, Ukraynanın lokal qələbələri sadəcə danışıqlara baza hazırlamaq üçündür. Rusiyanın qırmızı xətti DNR və LNR-dir".

Bu sözləri Ağ Partiya sədrinin müşaviri, politoloq Azər Hüseynov Sitat.info-ya açıqlamasında deyib.

O vurğulayıb ki, Ukraynaya verilən silahlar cəbhə boyu ümumi əks hücuma imkan vermir: "Qələbələri partizan xarakterlidir. Amerika Ukraynanın tam qələbəsini istəmir. Çünki o zaman Rusiya qorxusu qalxar və onun aktuallığı yox olar".

A.Hüseynov hesab edir ki,  Ukrayna hələ uzun illər borc ödəyəcək: "Hansı iqtisadiyyatla? Qərbə verilmiş iqtisadiyyatla. Dünya sərmayəsi üçün yeni istismar məkanıdır, Ukrayna. Amma bu Rusiyanın hərbi müdaxiləsinə və beynəlxalq və humanitar hüququ pozmasına haqq qazandırmır".

Siyasi şərhçinin fikrincə, bir azdan buzlar sınacaq və hər iki tərəf danışıq rüşeymləri göstərəcək: "Amerika həm də Zelenskiyə deyir ki, biz səni qalib olmağa təşviq etmirik. Əgər bunu etməyə qalxsan yaxşı olmaz. Zelenski gərək Türkiyəyə sığınsın. Elə Rusiya da. Onları bir araya gətirəcək yalnız Ərdoğandır".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti