"Məğlubiyyət qaçılmaz olur, Kreml aqressivləşib..." - Siyasi şərhçidən HƏYƏCANLI PROQNOZ

15:54 18 Noyabr 2022

"Ukrayna savaşı Rusiya üçün olduqca baha başa gəlir. Bu savaş artıq Rusiya dövlətçiliyini təhdid etməyə başlayıb. Yəni, Rusiya böyük və tarixi fəlakət qarşısındadır".

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib. 

Onun sözlərinə görə, hazırda Rusiyanın Ukrayna savaşında qalib gələ biləcəyinə yalnız sadəlövhlər və ya mövcud vəziyyəti dəyərləndirə bilməyənlər inana bilər: "Rusiya Ukrayna savaşında məğlub ölkə durumuna düşüb. Böyük ehtimalla yaxın altı ay ərzində - təxminən gələn ilin ilk yarısında məğlubiyyətini etiraf etmək məcburiyyətində qala bilər. Təbii ki, bu reallığı artıq Rusiya siyasi dairələri də anlamağa başlayıblar. Bəzi məlumatlara görə, Rusiyanın hakimiyyət dairələrində, xüsusilə də, hərbi sektorunda müəyyən narazılıqlar baş verməkdədir".

E.Xalidbətli vurğuladı ki, prezident Vladimir Putinə yönəlik etimad sürətlə zəiflətməyə başlayıb: "Belə davam edərsə, narazılıqlar tezliklə Rusiya cəmiyyətinə də sıçraya bilər. Yəni, prezident Vladimir Putinin hakimiyyəti ciddi şəkildə sarsılmağa başlayıb. Əgər, Rusiya savaşda məğlubiyyətini etiraf etmək məcburiyyətində qalarsa, prezident Vladimir Putinin hakimiyyətdən kənarlaşdırılması istiqamətində proseslərin ortaya çıxa biləcəyi qətiyyən istisna deyil.
Ona görə də, Kreml sahibi Rusiyanın Ukrayna savaşından məhz indi çıxarılmasına cəhd göstərir. Bəzi məlumatlara görə, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin nəzarəti altında ABŞ və Qərblə gizli təmaslara başlanılıb".

Politoloq onu da qeyd etdi ki, Kreml Ukrayna savaşında indiki şərtlər çərçivəsində sülh sazişinin imzalanması üçün ABŞ və Qərblə anlaşmağa çalışır: "Bir neçə gün öncə Türkiyənin paytaxtı Ankarada CİA şefi Uilyam Börns və Rusiya xarici kəşfiyyat xidmətinin direktoru Sergey Narışkin arasında gizli görüşün olması barədə məlumatlar da bunu təsdiqləyir. Türkiyə mətbuatına sızan məlumatlara görə, Kremlə xəbərdarlıq edilib ki, əgər, Rusiya Ukraynaya və ya hər hansı NATO ölkəsinə qarşı nüvə zərbəsi endirərsə, bu, prezident Vladimir Putinin öz karyerasında qəbul edəcəyi ən sonuncu qərar olacaq. Yəni, Kremli Rusiyanın dağıdılması ilə təhdid edirlər. Bu, o deməkdir ki, indi nüvə silahı ilə bağlı hər hansı qərar və ya addım Rusiyanın gələcək taleyi baxımından, böyük risk təşkil edir.
Digər tərəfdən, Kremlin sülh sazişi ilə bağlı təkliflərinə Rusiya qoşunlarının Ukraynadan tamamilə çıxarılması şərti ilə reaksiya verilib. Yalnız Krım yarımadasının gələcək taleyinin müəyyən edilməsinin sonraya saxlanıla biləcəyinə eyham vurulub. Ancaq prezident Vladimir Putinin bu şərtlərlə razılaşmadığı bildirilir".

Xalidbəylinin fikrincə, Kreml sahibi heç olmasa, indiki situasiyanın qeyri-müəyyən müddətə dondurulmasına nail olmağa can atır: " Ona görə də, ABŞ və Qərbi Ukraynaya intensiv raket zərbələri endirərək, bu ölkəni tamamilə dağıtmaqla, şantaj etməyə çalışır. Ancaq Kremlin Ukraynanın mülki obyektlərinə raket zərbələrindən sonra ABŞ və Qərbin mövqeyi də dəyişməyə başlayıb. ABŞ və Qərb Rusiyanı qəddar taktikaya görə cəzalandırmağa üstünlük verir. Belə ki, son məlumatlara görə, Rusiyaya təqdim olunan sülh şərtləri dərhal dəyişdirilib. İndi Kremldən tələb olunur ki, Rusiya ilə sülh sazişi üçün Krım yarımadası da dərhal Ukraynaya geri qaytarılsın.
Göründüyü kimi, Rusiya olduqca ağır vəziyyətə düşüb. ABŞ və Qərb Rusiyanın bütün hərbi potensialının Ukrayna savaşında tamamilə sərf olunmasına çalışır. Böyük fəlakət qarşısında olan Kreml hələ son anda bütün dünya üçün müəyyən təhlükəli addımlar atmaq imkanını qoruyub, saxlayır. Bu baxımdan, məğlubiyyət qaçılmaz olduqca, Rusiyanın daha da aqressivləşə biləcəyi və isterik şəkildə yolverilməz addımlar ata biləcəyi də qətiyyən istisna deyil".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti