"Təbrizdə Ermənistan üçün konsulluq yaradılmasına tədarük görülür, bu, açıq düşmənçilikdir" - Elşad Paşasoy

12:50 21 Noyabr 2022

“İran hakimiyyəti hər zaman Güney və Quzey azərbaycanlıların qaynayıb-qarışmasını əngəlləyib, müxtəlif bəhanələrlə, məhdudiyyətlərlə təmasların intensivliyinin qarşısını alıb. Bu da Tehrandakı fars-şovinist rejimin iki əsr əvvəədək mövcud olan birgəyaşayışın yenidən baş verəcəyi əndişəsindən irəli gəlir”. 
Bu fikirləri Sitat.info-ya siyasi ekspert Elşad Paşasoy, İran ərazisində, o cümlədən Güney Azərbaycanda üçüncü aydır davam edən etirazları, rejimin dinc əhaliyə qarşı sərt repressiv tədbirlərə əl atmasını şərh edərkən bildirib.

İranın keçmiş xarici işlər naziri, iran Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayətinin Azərbaycana yönəlik “xoş sözlər” söyləməsinə, “Azərbaycan xalqı bizim gözümüzün nurudur”, “Son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yayırlar”-deməsinə gəldikdə, Elşad Paşasoy bildirdi ki, Tehrandakı fars şovinist rejiminin təmsilçiləri illər boyunca “dostluq-qardaşlıq”dan bəhs etsə də, bunlar hər zaman söz xatirinə deyilib:

“İranın azərbaycanlıları necə “gözünün nuru” hesab etdiyini güneyli gənclərin, hətta yeniyetmələrin qətlə yetirilməsi də “sübut edir”. Azərbaycana qarşı “şər-böhtan”a gəldikdə, İranın son iki ildə sərhədlərimizdə iki dəfə hərbi təlimlər keçirməsi, Azərbaycana hücum planının Araaz çayı üzərində körpülər atmaqla həyata keçirilməsi təlimilə hazırlanmasına diqqət yetirmək kifayətdir”. 

Ekspert dedi ki, İranın bundan sonra Güney və Quzey arasında körpülər tikməyə deyil, səngərlər qazmağa, ayrılıqlar salmağa cəhd göstərəcəyi şübhə doğurmur: “Bir neçə il əvvəl Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevlə İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olmuşdu. Həmin görüş zamanı İranla, xüsusilə də İranın sərhəd regionları, konkret olaraq Azərbaycanın güneyi ilə əməkdaşlığın genişləndirilməsi, ticarət əlaqələrinin inkişafının geniş imkanlara malik olmasından danışılmışdı. Həmçinin qarğıdalı, günəbaxan, xurma, kişmiş, çuğundur kimi kənd təsərrüfatı məhsullarının Azərbaycanda birgə istehsalı və emalı üçün imkanların olduğu qeyd olunmuşdu, həmçinin digər sahələr üzrə birgə zavod-fakriklərin yaradılması zərurətindən danışılmışdı. Amma bütün bunlar demək olar ki, danışqlar mövzusu olaraq qaldı. Tehran rejimi düşündü ki, bu, son nəticədə azərbaycanlıların sosial-iqtisadi durumunun yaxşılaşmasına gətirib çıxara, daha sonra buradakı milyonlarla əhali öz hüquqları, təbii haqları uğrunda mübarizəyə qalxarlar. Özü də o zaman İran sərt beynəlxalq sanksiyalara məruz qaldığı halda, Azərbaycan təzyiqləri göz önünə alaraq müsəlman qonşusu ilə əməkdaşlığa yaşıl işıq yandırırdı, amma Tehran rejimi bütün bunları dəyərləndirmək əvəzinə, məscid qənimi olan terrorçu Ermənistanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmağı hədəflədi. Heç şübhəsiz fars şovinistləri Azərbaycan Respublikasının Güney Azərbaycana, Təbriz, Ərdəbil, Zəncan və digər şəhərlərimizə yatırım qoymasını təhlükəli hesab etdiyi üçün fikrindən daşındı. Diqqət edin, Güney Azərbaycana yatırım qoyulması faktiki olaraq yasaq edilib, bu bölgədə yeni müəssisələrin yaradılması, iş yerlərinin açılması arxa plana keçib, işsizlik sosial fəlakət həddinə çatıb. Bütün bunların əvəzində Təbrizdə Ermənistan üçün konsulluq yaradılmasına tədarük görülür, bu, açıq düşmənçilikdir!” 

E.Paşasoy qeyd etdi ki, İranın Azərbaycan türklərinə qənim kəsilməsinin bariz nümunəsini Urmiyə gölünün qurudulması misalında da görməkdəyik: "İllər boyunca Urmiyə gölünə axan çayların qarşısını kəsib, barajlar qurdular, gölün qurudulmasını, milyonlarla tonluq duz kütləsinin ətrafa yayılmasına, torpaqların istifadəsiz hala, ərazinin yaşamnmaz vəziyyətə gəlməsinə, nəticədə azərbaycanlıların köçünün sürətləndirilməsinə nail olmaq üçün vandal əmələ əl atdılar. Son onilliklərdə Urmiyə bölgəsinə köçürülən kürdlərin silahlandırılması planı əslində azərbaycanlılara qarşı işə salınmışdı. Amma son hadisələrdə silahlar işə düşdü və rejimə tuşlandı. Bu da ondan xəbər verir ki, İrandakı qəddar rejim öz qanında boğulacaq, sadəcə gec-tezi var”.

Seymur,

SİTAT.İNFO



Xəbər xətti