"İndiki məqamda Rusiya-Ukrayna arasında sülh mümkün deyil, amma atəşkəs mümkündür. Rusiya atəşkəsi çox istəyir, buna səbəb ordusunu, texnikalarını və itkilərini yeniləməkdir".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında REAL Partiyasının icraçı katibi Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, Rusiya atəşkəs müddətində silah-sursat istehsalını artıracaq: "Çünki, Rus ordusunda ciddi itkilər var və 85 min nəfəri keçib. İlin sonuna bu itkilərin 100 mini keçəcəyi görünür. Minlərlə texnikası məhv edilib. Bunun əks tərəfi də var. Rusiya atəşkəsdən istifadə edib güclənə bilər amma eyni şey Ukraynaya da aiddir. Rusiyanın raket atacağı qorxusu ilə Qərb qorxa-qorxa silah verirsə, atəşkəs olanda Kiyevə birbaşa təyyarələr uçub silah-sursatı verəcək, o zaman Rusiya nə edəcək? Rusiya tərəfin militaristləri bunu Putinə bağışlamaya bilər".
N.Cəfərli vurğuladı ki, atəşkəsin 2 tərəfi var: "Rusiya güclənə bilərmi? Bəli güclənə bilər, ordunu daha hazırlıqlı vəziyyətə gətirə bilər, top- tank və digər silah-sursatların istehsalını artıra bilər. Qaz satışından gəlirlər arta bilər, amma bunun əks tərəfində Ukrayna da havada və digər tərəfdən müdafiələrini gücləndirə bilər. Qərb deyinir, amma Qərb silahı birbaşa Ukraynaya göndərə bilmir. Silahlar öncə Polşa və ya Ruminyaya , daha sonra Ukraynaya çatır. Onlar bəzən o qədər ehtiyatlı davranırlar ki, Ukrayn tərəfi silah-sursat çatmır deyə narazılıq edir , ittiham edir ki, Qərb niyə damcı-damcı verir, amma elə deyil. Bunun da obyektiv səbəbi var. Səbəb odur ki, Rusiya həmin bölgələri də vura bilir . Bu yaxında özümüz də şahid olduq ki, raket Polşa ərazisinə düşmüşdü. Onlar təhlükənin keçdiyinə və hərbi yüklərin Ukraynanın istənilən şəhərinə rahat şəkildə çatacağına əmin olmadan bunu etmirlər, yalnız o zaman yükləri Polşaya buraxırlar. Bir anlıq düşünün ki, atəşkəsdir, Ukrayna o qədər sürətlə silahlandırılacaq ki, hava hücumundan müdafiə o qədər gücləndirə bilərlər ki, növbəti müharibədə Ukrayna Krıma qədər ərazisini rahat şəkildə işğaldan azad edə bilər".
Səid İsaoğlu,
Sitat.info