"Son illər Azərbaycanda qeyri-neft sektorundan ixracın şaxələnməsi müşahidə olunur. Ötən il Azərbaycanda qeyri-neft sektorunun ixracatı 2, 7 milyard dollara qədər yüksəldi, bu il isə 3 milyard dollardan çox olacağı proqnozlaşdırılır".
Bu sözləri Sitat.info-ya açıqlamasında deputat, iqtisadçı alim Vüqar Bayramov səsləndirib.
O vurğulayıb ki, indi əsas məsələ bazarların şaxələndirilməsi olmalıdır: "Təbii ki, ixracda artımlar var, bu pozitivdir. Ancaq eyni zamanda bazarların şaxələndirilməsinə ehtiyac var. Məhsullarımız yenə də ənənəvi bazarlara ixrac olunur. Bütövlükdə Azərbaycan qeyri-neft ixracatının 67 faizi iki ölkənin – Rusiya və Türkiyənin payına düşür. İxracatın şaxələndirilməsi, inkişaf etmiş ölkələrin, o cümlədən Avropa Birliyi bazarlarına daxil olmaq çox vacibdir. Bu kontekstdən Avropa İttifaqı ölkələrinə məhsul ixracının genişləndirilməsi ilə bağlı fəaliyyətlərin artırılması vacibdir".
V.Bayramov vurğulayıb ki, bir tərəfdən standartların uyğunlaşdırılmasına, digər tərəfdən Azərbaycan məhsullarının tanıdılması istiqamətində işlərin aparılmasına ehtiyac var: " Təbii ki, pandemiya prosesə təsir göstərdi. Ancaq artıq pandemiya demək olar ki, geridə qalıb. Ona görə də, bu istiqamətdə işlərin yenidən bərpa olunmasına ehtiyac var".
Deputatın sözlərinə görə, Azərbaycan üçün ixrac imkanları baxımından iki əsas istiqamət daha vacibdir: " Bu Avropa İttifaqı bazarıdır və Körfəz ölkələridir. Hər iki bazar alıcılıq qabiliyyəti baxımından seçilən bazarlardır. Ona görə də, daha məqsədəuyğun olardı ki, Azərbaycan hər iki istiqamətdə qeyri-neft məshullarının göndərilməsinə, qeyri-neft ixracının şaxələndirilməsinə nail ola bilsin".
Nərgiz Liftiyeva,
SİTAT.İNFO