"Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri hansısas fövqəladə məqsədlə deyil, sadəcə Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatının zirvə toplantısı üçündür. Təşkilata üzv olan ölkələrin liderləri toplanır və ümumi müzakirələr gedəcək".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin İrəvana səfərini dəyərləndirərkən deyib.
O vurğulayıb ki, bu müzakirə çərçivəsində Ermənistan üzv ölkələrdən, özəlliklə Rusiyadan Azərbaycana qarşı dəstək almağa çalışacaq: "Amma belə dəstək mümkün deyil. Çünki, üzv ölkələrin tamamının Azərbaycanla tərəfdaşlıq münasibətləri var və bunlara Belarus, Qazaxıstan, Qırğızıstan daxildir".
Politoloqun sözlərinə görə, Rusiya özü Ermənistanın hərbi müttəfiqi olsa da, Azərbaycan əleyhinə addımlar atmaq istəmir: " Baxmayaraq ki, Qarabağda olan fəaliyyətindən biz narazıyıq, amma Rusiya Azərbaycanla birbaşa üz-üzə gəlmək istəmir. Putinin Paşinyana qarşı elə də böyük münasibəti yoxdur. Onun Azərbaycan əleyhinə hansı açıqlama verəcəyini və ya dəstək olacağını mən zənn etmirəm. Ümumi fikirlər sənəddə yer ala bilər, amma Paşinyanın kefini pozmayacaq. Çünki, Paşinyan cəmiyyətini çoxdan aldatmağa çalışır ki, Rusiya Ermənistanı müdafiə etmir. Bu dəfə də istədiyi dəstəyi almasa cəmiyyətə belə mesaj göndərəcək ki, baxın təşkilat bizə dəstək vermir, Qərb ilə münasibətləri gücləndirmək lazmdır. Qərb ölkələri də Ermənistanın məsələlərini həll edən deyil. Ermənistanın yeganə alternativi Azərbaycanla sülh imzalamaqdır. Bu olmayana qədər Ermənistanı heç kim xilas etməyəcək.
Səid İsaoğlu,
Sitat.info