Rusiya sülhməramlılarının fəaliyyətsizliyini daha geniş şəkildə qabartmalıyıq - Ədalət Verdiyev

13:23 24 Noyabr 2022

"Görünən odur ki, Azərbaycan  Rusiya sülhməramlı kontingentini Laçına nəzarət etmək funksiyasından tamamilə uzaqlaşdırmalıdır. Bu birmənalıdır. Həmin ərazilərə nəzarətə götürülməli və ya Azərbaycan tərəfinə keçməlidir. Yaxud Türkiyə və Rusiya birlikdə giriş və çıxışa nəzarət etməlidir. Əks halda biz Qarabağın rusların müvəqqəti nəzarətində olan ərazilərində baş verən xoşagəlməz halları bundan sonraki müddətdə də  izləyəcəyik".

Bu sözləri Sitat.info-ya açıqlamasında DTX-nın yaydığı "Sülhməramlıların olduğu ərazilərə hərbi texnika daşınır" məlumatına cavab olaraq bildirib: 

"Konkret olaraq hansı texnikaların Qarabağa daşınmasına dair təsdiqlənmiş məlumatlar əlimizdə olmasa da, bu məlumatları dəqiqləşdirməyə çalışacam. Böyük ehtimalla DTX-nın əlində bu faktları təsdiqləyən  görüntülər də mövcuddur. Azərbaycan olaraq biz Rusiya sülhməramlılarının fəaliyyətsizliyini daha geniş şəkildə qabartmalıyıq. Onları Azərbaycan parlamentinə və Müdafiə Nazirliyinə hesabat verməyə məcbur etməliyik".

Ə.Verdiyev vurğuladı ki, sülhməramlıların olduğu ərazilərdə minalanma işləri də aparılır: "Dünən Laçın rayonunun Sarıbaba yüksəkliyi ərazisindən çıxarılan 2021-ci ildə Ermənistanda istehsal edilən minalarla bağlı məsələ qaldırıldı, Rusiya sülhməramlı kontingenti bu sursatların  onların nəzarətində olan buraxılış məntəqələrinə keçdiyini təsdiqləmir. Daha doğrusu, bunlardan xəbərsiz olduqlarını iddia edirlər. Bu isə bir daha Rusiya sülhməramlı kontingentinin komandanlığının nə qədər həyasızcasına mövcud faktları inkar etməsini və onun nə qədər riyakar, ikiüzlü  bir fəaliyyət həyata keçirdiyini aşkar şəkildə ictimayətə nümyiş etdirir".


Səid İsaoğlu,
Sitat.info



Xəbər xətti