Çin Rusiya ilə yaxınlaşarsa, ABŞ üçün çətin olar: Bayden Pekinlə münasibətləri...

13:14 24 Noyabr 2022

ABŞ dünyanın iqtisadi nəhənglərindən olan Çini özünü ən böyük rəqibi olaraq görür. Hətta iki dövlət arasında münasibətlər iqtisadi müharibə səviyyəsinə qədər gəlib çıxdı. Lakin Rusiyanın Ukraynaya müharibə elan etməsindən sonra ABŞ-ın mövqeyində dəyişiklik hiss  olunmaqdadır. İndi ABŞ Çini çox qıcıqlandırıb Rusiya ilə yaxınlaşmasını stimullaşdırmaq istəmir, əksinə münasibətləri müəyyən qədər normaya salmaqla, Çinin Rusiyaya birbaşa dəstək verməsinin qarşısını almağa çalışır. Yaxınlarda Henri Kissincer də bu istiqamətdə qayğılarını dilə gətirmişdi. Digər tərəfdən ABŞ həm də Tayvan  məsələsində Çini zərərsizləşdirməyə cəhd göstərir.

Bəs bu iki dövlətin münasibətləri bundan sonra hansı istiqamətdə davam edəcək?

Sitat.info-ya açıqlamasında bu sualı cavablandıran Ağ Partiya başqanının müşaviri , siyasi şərhçi Azər Hüseynov bildirdi ki, Amerika hər nə qədər güclü olsa da, hamı ilə eyni anda savaşa bilməz: "Çin ilə Rusiyanın bir araya  gəlməsi Amerikanın yollar üzərində, logistika üzərində nəzarətinin bitməsi olar".

A.Hüseynov əlavə etdi ki, ABŞ kapitalizmin layihəsidir və iqtisadi proseslərdən asılı ola bir dövlətdir: "Çin, Rusiya, Britaniya kimi dövlətlər tarixi dövlətlərdir. Amerika isə kapitalizm və liberalizmin layihəsidir. Tam olaraq müasir iqtisadi münasibətlər sistemindən asılıdır. Onun mərkəzidir .Əgər Çin Rusiya ilə yaxınlaşarsa, Amerika üçün çətin olar. Ona görə də Çinlə münasibətləri yenidən qurmaq istəyir".

Siyasi ekspert hesab edir ki, Çinlə Amerikanın yaxınlaşması həm də bəzi beynəlxalq sərmayə nəhənglərinin tələbidir: "Çinin yüksəlməsi də elə əslində Amerika iqtisadi nəhənglərinə bağlıdır. Əgər Çin bu münasibətlər sistemindən tam qoparsa Amerika iqtisadi nəhəngləri ziyan görər. Hər halda Amerikada hamı Pelosi kimi düşünmür. Amerikanın birbaşa iştirakı ilə yüksəlmiş olan Çin kimi bir güclə davamlı ziddiyyətlər bölgədə ABŞ-ın  müttəfiqlərini təhlükəyə salar. Ruslar da bundan istifadə edər. Digər tərəfdən Çin ola biləcək yeni konfiqurasiya Turanın yanında da olmalı və ona nəzarət etməlidir. Bir sözlə, Çin Amerikaya lazımdır".

Məğrur,

Sitat.info



Xəbər xətti