Prezident Rəisi ilə münasibətlərin üstündən xətt çəkdiyini anlatdı - Elxan Şahinoğlu

14:05 25 Noyabr 2022

"Mən İranın üç keçmiş prezidenti - Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bu qədər illərdir ki, indiki kimi vəziyyət heç vaxt olmayıb. İran heç vaxt sərhədlərimizdə bir neçə ay ardıcıl iki hərbi əməliyyat keçirməyib. 

Biz hər zaman Azərbaycan əleyhinə olan istənilən addıma cavab vermişik və bundan sonra da verəcəyik. Ona görə də biz onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İranla sərhəddə hərbi təlimlərə başlamağa məcbur olduq. Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların dünyəvi inkişaf vektorunu qorumaq üçün əlimizdən gələni edəcəyik. Onlar bizim xalqımızın bir parçasıdır".

Bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

Sitat.info-ya açıqlamasında Prezidentin çıxışını şərh edən politoloq Elxan Şahinoğlu vurğuladı ki, Prezident İlham Əliyev bugünkü çıxışında İran və bu ölkədə yaşayan azərbaycanlılarla bağlı mövqeyini daha konkret şəkildə izah etdi: "Birincisi, İranın bundan əvvəlki 3 prezidenti ilə normal işlədiyini və heç zaman münasibətlərin indiki kimi gərginləşmədiyini deyən İlham Əliyev Tehranın hədələrinə adekvat cavab veriləcəyini, sərhəddə hərbi təlimlərə hərbi təlimlərlə cavab verəcəyini bildirdi. Bununla İlham Əliyev İranın hazırki prezidenti İbrahim Rəisinin siyasətindən narazı qaldığını və onun normal münasibətlərin üstündən xətt çəkdiyini anlatdı".

Politoloq vurğuladı ki,  “İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir” deyən İlham Əliyev Tehranla münasibətlərin gələcək istiqamətini göstərdi: " Yəni Tehranın Azərbaycanla münasibətlərinin normallaşdırması az olacaq, İranda yaşayan azərbaycanlıların hüquq və azadlıqları, ana dilində tədrisi təmin etməlidir. Bunu etmədən İran-Azərbaycan münasibətlərinin normallaşmasını gözləmək mümkün deyil. İndiki Tehran rejimisi isə bunların heç birini etməyəcək". 

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti