"Azərbaycan həmişə İranla normal münasibətlərin qurulmasında maraqlı olub və buna cəhdlər göstərib. Ancaq son vaxtlar Azərbaycan-İran münasibətlərində yumşaq desək, kifayət qədər ciddi çatların olduğu müşahidə olunur. Bu çatların yaranmasında əsas günahkar rolunda isə hazırda birmənalı şəkildə məhz İran çıxış edir. Çünki rəsmi Tehran son vaxtlar Ermənistan əsas beynəlxalq himayədarı kimi davranır. Azərbaycana qarşı isə açıq təhdid siyasəti yürüdür. Və bu, rəsmi Bakının İrana münasibətinin mənfi keyfiyyətdə dəyişməsinə səbəb olub".
Bu fikri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev də bu barədə açıqlamasında İranın Azərbaycana yönəlik bütün neqativ davranışlarına adekvat cavab reaksiyası veriləcəyini vurğulayıb: "Son 30 ildə Ermənistanın işğal etdiyi ərazilərlə həmsərhəd bölgədə İranın heç vaxt hərbi təlimlər keçirmədiyini xatırladan Azərbaycan Prezidenti rəsmi Bakının belə davranışlardan çəkinmədiyini də vurğulayıb. Buna misal olaraq, Azərbaycan ordusunun bir müddət öncə cənub sərhəd bölgəsində keçirtdiyi hərbi təlimləri göstərib. Yəni, Azərbaycan lideri rəsmi Tehrana atılan bütün aqressiv addımlara mütləq adekvat cavab veriləcəyinin mesajını göndərmiş oldu. Prezident İlham Əliyevin açıqlamalarından belə anlaşılır ki, İranın bütün təhdidkar davranışlarına baxmayaraq, rəsmi Bakı Azərbaycanın maraqlarına uyğun siyasət yürütməkdən çəkinməyəcək".
E.Xalidbərli vurğuladı ki,indi Azərbaycan-İran münasibətlərinin gələcək məzmun və istiqamətləri məhz rəsmi Tehrandan asılıdır: " Çünki, Azərbaycan Prezidenti İranın indiki hakimiyyətindən fərqli olaraq, bu ölkənin əvvəlki üç hakimiyyəti dönəmində elə bir ciddi problemin yaşanmadığını xatırladıb. Yəni, İranda indi hakimiyyətdə olan siyasi qüvvələr Ermənistanı dəstəkləyib, Azərbaycanı təhdid etməklə, rəsmi Bakı ilə münasibətlərin korlanmasına səbəb olublar. Bu vəziyyətin düzəlməsi də, onu korlayan indiki İran hökumətinin üzərinə düşür".
Siyasi şərhçinin mülahizələrinə görə, əsas məsələ odur ki, Prezident İlham Əliyev rəsmi Tehrana həm də dolayısı ilə Cənubi Qafqazda İranın "qırmızı cizgilər"inin olmadığının mesajını verdi: "Çünki Cənubi Qafqazda yalnız region dövlətləri "qırmızı cizgilər" müəyyən edə bilərlər. İran isə Cənubi Qafqaz dövləti deyil, sadəcə, regiona qonşu ölkədir. Və bu regionda cərəyan edən geopolitik proseslərə müdaxilə etmək hüququna malik deyil".
E.Xalidbəyli hesab edir ki, Cənubi Qafqazda regional lider statusuna məhz Azərbaycan sahibdir: "İran kənardan gəlib, bu regionda hegemonluq edə bilməz. Rəsmi Tehran Azərbaycanla normal münasibətlərin olmasında maraqlıdırsa, bu reallığı qəbul etməlidir. Yəni, bu baxımdan, Azərbaycan-İran münasibətləri daha çox rəsmi Tehranın davranışlarından asılı olacaq. Prezident İlham Əliyevin son açıqlamalarında bu barədə İran rəsmi dairələrinə birmənalı mesajlar yer alır".
Məğrur,
Sitat.info