"Əhalinin gəlirlərinə hər zaman nominal və real gəlirlər kimi baxmaq lazımdır. Nominal gəlir rəqəmdir, yazılı olaraq verilən əmək haqqıdır. Real gəlir isə odur ki, hal-hazırda mən bu vəsaitə nə qədər ərzaq ala bilirəm, 2 il əvvəl nə qədər məhsul ala bilirdim. Bu fərq real gəlirdir. Ona görə də əmək haqqının artımında real gəliri daha çox artırmaq lazımdır".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.
Onun sözlərinə görə, pensiya və əmək haqlarında artım baş verir və o artımların çox hissəsi il ərzindəki bahalaşmaya nisbətən həyata keçirilir: "Bahalaşma rəsmi statistikada 10-14 faiz arasında göstərilir. Pensiya və maaşlarda ortalama 20 faiz artım olanda belə hesab edilir ki, əhalinin real gəliri 6-7 faiz artmış oldu. Ancaq reallıqda bahalaşma göstəricisi 14 faizdəın çox olur, yəni rəsmi statistika reallığı tam əks etdirmir. Bu baxımdan maaş artımları elə həyata keçirilməlidir ki, inflyasiya artımını üstələsin".
Qiymət artımının qarşısının alınmasına gəlincə, R.Ağakişiyev bildirdi ki, ümumiyyətlə inflyasiya məsələsi çox geniş anlayışdır: "Qlobal səviyyədə belə çağırışlar var ki, artıq yüksək inflyasiyalı vəziyyətə öyrəşmək lazımdır. Bahalaşma ilə artımlar paralel şəkildə getməlidir. İstənilən halda qiymət artımı az-çox olacaq, sadəcə olaraq sosial artımlar ciddi dəyərdə olmalıdır ki, inlfyasiya əhaliyə təsir etməsin".
Səid İsaoğlu,
Sitat.info