"Faktiki olaraq bu gün dünya bazarlarında neftin qiymətinin düşməsinin bir yox, bir neçə səbəbi var".
Bu fikri iqtisadçı ekspert Rəşad Həsənov Sitat.info- ya müsahibəsində qeyd edib.
O, hesab edir ki, bunlardan biri ümumi konyukturdur: "Xüsusilə də neft məhsullarına tələbat turizm mövsümü ilə əlaqədardır. Yəni, yay aylarında bu artır, qış aylarında isə zəifləmə müşahidə edilir. Hava nəqliyyatı sahəsində, xüsusilə də yanacaq tələbatı kəskin şəkildə düşür. Tələbin azalması öz-özlüyündə təbii ki, neftin qiymətlərində müəyyən azalmaları şərtləndirən faktor kimi çıxış edir. İkinci bir məsələ ABŞ və Səudiyyə Ərəbistanı arasında müəyyən bir uzlaşma olma ehtimalıdır. Çünki Baydenlə Səudiyyə kralının son görüşü, eyni zamanda Bayden hökümətinin ABŞ federal məhkəməsinə məlum müraciətindən sonra, müəyyən qədər ABŞ və Səudiyyə Ərəbistanı arasındakı konfliktin aradan qalxması və Səudiyyənin öz siyasətinə müəyyən korrektələr etməsi neftin qiymətinə də təsir göstərəcək. Eyni zamanda digər bir təhlükə Rusiya nefti ilə əlaqədardır. Avropa Birliyi Rusiya neftinə tavan qiymətlərin gətirilməsi məsələsini müzakirə edir. Bugünlərdə 60-70 dollar tavan qiymətinin gətirilməsi müzakirə olunur. Bu da Rusiya neftinin alıcıları üçün potensial təhlükənin aradan qalxması deməkdir".
R.Həsənov vurğuladı ki, günümüzün problemlərindən biri də Çində baş verənlərdir: " Çində əhali məhz hökumətin Covid siyasətinə, srt karantin rejimlərinə etiraz edirlər. Belə bir ehtimal var ki, Çin müvafiq tədbirlərini daha erkən sonlandırmaq məcburiyyətində qala bilər. Belə olduğu təqdirdə pandemiya yenidən güclənə bilər. Düşünürəm ki, neftin qiymətinin aşağıya düşməsi günümüzün problemlərindən biridir".