"Son zamanlar Azərbaycan mətbuatında, ümumiyyətlə Azərbaycan cəmiyyətində anlaşılmayan bir vəziyyət yaranır. Güya hansısa rusiyalı və yaxud qeyri-rus bir politoloq və ya ekspertin fikirlərini az qala günün mövzusuna çevirirlər. Hər hansı bir hərbi rus eksperti deyir ki, Ermənistan Qarabağdakı separatçıları silahlandırır. Həmin ekspertə sual vermək lazımdır ki, əgər sənin təmsil olunduğun ölkənin, yəni Rusiya Federasiyasının orada müvəqqəti yerləşdirilmiş sülhməramlıları icazə verməsə necə Ermənistan Qarabağa silah keçirə bilər?!"
Bu fikirləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov rusiyalı analitik Andrey Petrovun "Ermənistan separatçıları silahlandırır, Qarabağda hücum hazırlanır" bəyanatına cavab olaraq deyib.
Onun sözlərinə görə, ruslar dolayı yolla öz məsuliyyətini Ermənistanın üzərinə atırlar: "Ermənistanın nə gücü, qüvvəti var ki, 44 günlük savaşdan sonra, özü də Azərbaycanın yeni inşa etdiyi Laçın yolu ilə ona silah daşınır? Buna kim şərait yaradır? 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaları Azərbaycanın müvəqqəti də olsa işğal olunmuş ərazilərinə gətirməyə kim icazə verir? Əlbəttə ki, Rusiya Federasiyası".
Hərbi ekspert vurğuladı ki, danışıqlar prosesini Rusiya Federasiyası pozur: "Avropa İttifaqının rəsmi nümayəndəsi deyir ki, Azərbaycan Avropa İttifaqının patronajlığı altında danışıqlar prosesinə sadiqdir. Lakin sonuncu danışıqlar prosesini Rusiya pozdu".
Üzeyir Cəfərov qeyd edib ki, rus politoloqlarının boş, mənasız, daha çox Rusiyanın mövqeyinə xidmət edən fikirlərinə az diqqət yetirmək lazımdır: "Onlar özlərini çox ağıllı, bizdən çox savadlı sayırlar. Onların açıqlamalarında politoloqlardan biri, Ermənistanın Qarabağdakı separatçıları silahlandırdığını söyləmişdi. 2021-ci ildə eskpertin təmsil olunduğu ölkə, qeyri-qanuni təşkil olunan birləşmələri Azərbaycan ərazisindən təmizləməli idi. Lakin etmədilər. Bu gün Azərbaycan toponimlərinin, adlarının səhv yazılması Ermənistanın deyil, Rusiyanın oyunlarıdır. Azərbaycan Müdafiə Nazirliyi az qala dörd gündür bütün işlərini dayandırıb Rusiyaya toponim adlarını doğru yazmağı başa salmağa çalışır. Bir daha qeyd edirəm ki, baş verənlərin məsuliyyətini Ermənistandan daha çox Rusiya daşıyır".