" Türkiyə siyasi tarixində görünməmiş bir hadisədir" - Politoloq "Altılı masa"dan danışdı

16:42 28 Noyabr 2022

"Türkiyə müxalifətinin “Altılı masa”sı Konstitusiya dəyişikliklərinə dair 84 maddədən ibarət paket üzərində anlaşaraq bu gün ictimaiyyətə açıqladı. Dəyişiklik təkliflərinin təməlini parlament üsul-idarəsinə keçid və insan hüquq və azadlıqlarının genişləndirilməsi təşkil edir.

“Altılı masa” iqtisadi böhrandan çıxış və digər sahələr üzrə proqramlarını, prezidentliyə vahid namizədin manifestini, seçkidə qalib gəldikdən sonra formalaşdırılacaq koalisiya hökumətinin protokolunu da razılaşdırıb, xalqa açıqladıqdan sonra seçki kampaniyasına hazır şəkildə daxil olmağı planlaşdırır. Yəni seçkiqabağı və seçki sonrası yol xəritəsi tam müəyyənləşdirildikdən sonra vahid namizədin adı yekunda elan ediləcək. Böyük ehtimalla bu  2023-ün yanvarında olacaq".

Bu məlumatı Sitat.info-ya açıqlamasında politoloq Şahin Cəfərli səsləndirib. 

O vurğulayıb ki, nəticədə vahid namizəd bədahətən fikirlər istehsal etmək məcburiyyətində qalmadan seçki kampaniyasına əlində hər sahə üzrə konkret vədlərin və problemlərdən çıxış yollarının göstərildiyi proqram sənədləri ilə girmiş olacaq: "Altılı masa” xarizmatik liderin ətrafında formalaşan və xalqın, dövlətin taleyini həmin avtokrata həvalə edən iqtidardakı Cumhur İttifaqı koalisiyasından fərqli olaraq, dəyərlərə və prinsiplərə əsaslanan bir ittifaq və ölkə idarəçiliyi modeli ortaya qoyur. Fərqli ideologiyalara, proqramlara sahib 6 siyasi partiyanın qarşılıqlı kompromislərlə milli maraqları əsas götürən siyasət anlayışı ortaya qoyması yüksək siyasi mədəniyyət göstərici olmaqla, Türkiyə siyasi tarxində görünməmiş bir hadisədir".

Politoloq hesab edir ki, bu birlik seçki ittifaqının çərçivəsindən çox uzağa gedən, bütövlükdə sistemin köklü şəkildə rekonstruksiyasını nəzərdə tutan tarixi əhəmiyyətli siyasi konsensusdur: "Mən “Altılı masa”nın çalışmalarını İspaniyada Franko diktaturasından parlament demokratiyasına keçid prosesinə və bu çərçivədə 1977-ci ildə imzalanan Monkloa Paktına bənzədirəm. Prezidentliyə vahid namizəd seçimində yaranacaq fikir ayrılıqlarının ittifaqı pozmasına imkan verilməsə, Ankarada Qurtuluş savaşından sonrakı qurucu ruhun 100 il sonra “Altılı masa”nın timsalında yenidən təcəlli etdiyini söyləmək olar.  Fikrimcə, Azərbaycan olaraq bizə məhz belə bir Türkiyə lazımdır, özünü "Azərbaycan standartları"na uyğunlaşdırmağa çalışan bugünkü Türkiyə yox...".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti