"Hazırki pul- kredit siyasəti ilə tarazlı iqtisadi sistemin qurulması mümkün deyil" - Professor Elşad Məmmədov

15:34 1 Dekabr 2022

"İşğaldan azad edilən ərazilərdə qabaqlayıcı şəkildə özəl daxili investisiya institutları işləməlidir, mexanizmlər olmalıdır. Bunun üçün bir çox istiqamətlər üzrə işlər reallaşdırılmalıdır. Həm maliyyə infrastrukturu təmin edilməlidir ki, burada dövlətin müstəsna rolu olmalıdır, həm də digər sosial- iqtisadi seqmentlərlə bağlı infrastruktur təminatı olmalıdır. Buraya su, qaz, işıq, digər enerji mənbələri, nəqliyyat, rabitə infrastrukturu daxildir ki, onlar da dövlət tərəfindən təmin edilməlidir". 

Bu sözləri Sitat.info-ya açıqlamasında professor Elşad Məmmədov deyib. 

O vurğulayıb ki, maliyyə institutunun əlçatan olması, özəl-dövlət tərəfdaşlığının reallaşdırılması istiqamətində işlər getməlidir: "Hazırki pul- kredit siyasəti ilə tarazlı iqtisadi sistemin qurulması mümkün deyil. Ona görə də  yeni yanaşmalar lazımdır, qeyd etdiyim istiqamətlər üzrə yeni yanaşmalar həyata keçirilərsə, biz azad edilən  ərazilərimizdə effektiv investisiya layihələri görə bilərik". 

E.Məmmədov bildirdi ki, xarici investisiyalar isə ölkəmizə texnologiyalar idxalı formasında tələb olunur, bu prosesin reallaşdırılması üçün ölkəmizin zəngin suveren qızıl valyuta aktivləri mövcuddur: " O aktivlərə güvənərək biz ölkəmizə yeni texnologiyaların idxal edilməsinə nail ola  bilərik". 



Xəbər xətti