"Naxçıvan kifayət qədər iqtisadi potensiala malikdir. Naxçıvanla Azərbaycanın Qərb bölgələrinin, əsas ərazisinin uzun müddət quru əlaqəsinin olmaması Naxçıvanın öz iqtisadi potensialını reallaşdırmasında əsas əngəllərdən birinə çevirmişdi. Zəngəzur dəhlinin reallaşdırılması Naxçıvanın istehsal etdiyi məhsulları Azərbaycanın digər ərazilərində bazara çıxartmaq imkanı verəcək, həm də bu dəhliz vasitəsilə ixrac etmək imkanlarına malik olacaq".
Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.
O vurğulayıb ki, hazırda Naxçıvanda istehsal edilən ərzaq məhsullarının böyük bir qisminin Azərbaycana gətirilməsi xeyli xərc tələb edir: "Çünki ya İran üzərindən quru nəqliyyat vasitəsilə gətirilməlidir, nbu da zaman və xərc baxımından səmərli deyil, ya da hava nəqliyyatı ilə gətirilməlidir ki, bu da kifayət qədər bahadır. Bu mənada Zəngəzur dəhlizi Naxçıvanda istehsal edilən məhsulların ucuz və səmərəli şəkildə bazarlara çıxarılmasına imkan verəcək".
Deputat qeyd etdi ki, bu islahatların dəhlizin açılması ilə paralel həyata keçirilməsi çox səmərəli biznes mühitinin qurulacağından xəbər verir: "Digər tərəfdən Naxçıvanda bu gün aparılan islahatlar və strukturun yenilənməsi də biznesin inkişafı üçün yeni imkanlar yaradır. Zəngəzur dəhlizinin istifadəyə verilməsi kontekstində bir tərəfdən Naxçıvanda islahatlar , strukturun yenilənməsi müşahidə olunur, digər tərəfdən isə biznesin daha yaxından dəstəklənməsi ilə bağlı proqramların reallaşması, təşviq tədbirlərinin tətbiq edilməsi Naxçıvanda biznesin inkişafına, istehsal edilən qeyri-neft məhsullarının böyük bazarlara çıxarılmasına imkan yaradacaq".