"Naxçıvan məsələsi yeni başlayıb. Əslində oradakı hüquqsuzluğu, özbaşınalığı, korrupsiyanı, ümumiyyətlə Naxçıvanın ayrı bir dövlət kimi idarə edildiyini nəzərə alsaq bu proses daha əvvəldən başlamalı idi. Naxçıvan mərkəzə tabe etdirilməlidir. Gec də olsa prosesin başlaması sevindiricidir. Hadisələrin necə inkişaf edəcəyini hələ bilmirik, amma Naxçıvanın statusunun ləğv olunması artıq bir müddətdir gündəmdədir. Mən də bu qərarın tərəfdarıyam".
Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyasına görə Azərbaycan unitar dövlətdir və unitar dövlətdə muxtar respublikalar, federasiyalar ola bilməz: " Muxtar dövlətin olması Konstitusiyaya ziddir. Gözləntimiz odur ki, növbəti ildə referendum keçiriləcək və Konstitusiyada bəzi dəyişikliklər olacaq. Maddələrdən biri də çox güman ki, Naxçıvanın statusunun dəyişdirilməsi ilə bağlı olacaq".
Partiya sədri qeyd etdi ki, Naxçıvanda Şərurun, Ordubadın, Culfanın və s. Şəkidən Cəlilabaddan, və digər bölgələrimizdən fərqi olmamalıdır: "Onlar da statusun ləğvindən sonra digər iqdisadi rayonlarımız kimi Azərbaycana birləşdiriləcək. Gözlənilən odur ki, Naxçıvanda komitələr ləğv olunacaq, Konstitusiya dəyişikliyindən sonra da digər rayonlar kimi burada da eyni funksiyalar həyata keçiriləcək".
T.Abbaslı referendumla bağlı gözləntilərini də açıqladı: Daha bir gözləntimiz ondan ibarətdir ki, Parlamentlə bağlı dəyişikliklər olmalıdır. Parlament üzvlərinin sayı artırılmalıdır və təbii ki, proporsional seçki sistemi bərpa olunmalıdır. Bu zaman çoxpartiyalı sistemin inkişafı, parlamentin təsir imkanlarının artırılması istiqamətində də irəliləyişlər əldə edilmiş olacaq. Konstitusiyaya edilən dəyişikliklərdə bunların yer alacağı gözlənilir. Digər məsələlər də var, lakin hazırda aktual olan məsələlər bunlardır".
Seymur Bənnayev,
Sitat.info