"Cənubi Azərbaycandakı türk qardaşlarımızın farslarla bir ölkədə yaşamasının perspektivi yoxdur" - Sərdar Cəlaloğlu

17:57 1 Dekabr 2022

"Azərbaycan dövləti  Cənubi Azərbaycan məsələsini artıq bir qırmızı xətt kimi özünün bütün beynəlxalq münasibətlərində önə çəkməlidir. Hansı dövlətlə iqtisadi-siyasi, diplomatik əlaqələr qururuqsa, Cənubi Azərbaycan məsələsi masaya yatırılmalıdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib .

Onun sözlərinə görə, artıq bu məsələ Türk Dövlətlər Birliyi üçün də bir nömrəli məsələ olmalıdır. "Vaxtilə Ərdoğanın bir bayatı deməsi ilə İranın az qaldı ki, altı üstünə çevrilsin. Bu baxımdan Türkiyə prezidentinin sözügedən məsələ ilə bağlı siyasi fikir səsləndirməsi nə qədər böyük bir reaksiyaya səbəb olacaq. Artıq vaxt çatıb ki, Azərbaycan özünün istiqlaliyyətini elan eləsin və istiqlaliyyət uğrunda mübarizəsini davam etdirsin".

S.Cəlaloğlu hesab edir ki, İran dövləti, İranı idarə edənlər Azərbaycan türklərini özlərinin bir nömrəli düşməni, erməniləri isə özlərinin qardaşı hesab edirlər: "Hər dəqiqə Azərbaycanı işğal edəcəkləri ilə bağlı hədə-qorxu gəlirlər, burada özlərinin casus şəbəkəsini yaradırlar. Azərbaycanda müəyyən təxribatlar törətməyə cəhd edirlər. Artıq bizim Cənubi Azərbaycandakı türk qardaşlarımızın farslarla bir ölkədə yaşamasının heç bir perspektivi yoxdur. Bizə qarşı edilən hərəkət Cənubi Azərbaycan türklərinə qarşı edilir, onlara qarşı edilənlər də bizə qarşı edilmiş sayılır".

Partiya sədri onu da əlavə etdi ki, İrandakı rejim millət anlayışını yox etməyə çalışır: " Biz ayrıca bir xalqıq, ayrıca mədəniyyətik, bizim farslarla əlaqəmiz yoxdur. İranda dini rejim hakimiyyətə gələndən sonra ortaya belə bir ideya atdılar ki, Quranda millət məsələsi yoxdur. Halbuki Qurani-Kərim buyurur: Mən sizi millətlər şəklində yaratdım ki, bir-birinizi tanıyasınız. Bugünki İran İslam Respiblikası Qurani-Kərimə zidd mövqe tutub. Azərbaycanın milli kimliyini silmək istəyirlər. Bu da Qurana ziddir".

Məğrur, 

SİTAT.İNFO



Xəbər xətti