Fanatik yəhudi məskunlaşmaçılar İsrail polisinin himayəsi altında işğal altında olan Şərqi Qüdsün Köhnə Şəhərdə yerləşən Əl-Əqsa məscidinin həyətinə daxil olublar.
Sitat.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi olan WAFA-nın xəbərinə görə, Qüds İslam Vəqfləri İdarəsinin açıqlamasına əsaslanaraq, İsrail qüvvələrinin himayəsi altında onlarla fanatik yəhudi məskunlaşmaçı Əl-Məqaribe qapısından Məscidül-Əqsaya basqın edib.
Fanatik yəhudilər Məscidül-Əqsanın həyətində bəzi dini ayinlər icra ediblər. Səhər saatlarında başlayan basqın zamanı yəhudi məskunlaşmaçılar Hərəm-i Şərifdə fələstinliləri təxribata çəkməyə çalışıb.
İsrail qüvvələri ibadət edənlərin girişini məhdudlaşdırıb, bəzilərinin şəxsiyyət vəsiqələrini yoxlayıb və onları darvazadan kənarda saxlayıb.
Qeyd edək ki, İsrail və İordaniya arasında 26 oktyabr 1994-cü ildə imzalanmış sülh müqaviləsinə əsasən, Məscidül-Əqsa İordaniyanın Vəqflər, İslam İşləri və Müqəddəslik Nazirliyinə bağlı Qüds İslam Vəqfləri İdarəsinin himayəsindədir.
Lakin 2003-cü ildən Administrasiyanın icazəsi olmadan İsrailin birtərəfli qərarı ilə polisin müşayiəti ilə yəhudilər müqəddəs ziyarətgaha daxil olurlar. Bu girişləri basqın olaraq xarakterizə edən Qüds İslam Vəqfləri İdarəsi müsəlmanların suverenliyinin pozulduğunu vurğulayır.
Seymur Bənnayev
Sitat.info