İran hökuməti həftələrdir kütləvi xalq üsyanları ilə mübarizə aparır. Məhz belə bir zamanda Çin lideri Xinin Ər-Riyaddakı təmaslarına İrandan reaksiya gəlib. Xi Cinpinin Səudiyyə Ərəbistanına səfərinin vaxtı və görüşlər zamanı verilən ortaq bəyanatlar “İran təklənirmi?” sualını gendəmə gətirib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Çin prezidenti Xi-nin ötən həftə Səudiyyə Ərəbistanına səfəri və Ər-Riyaddakı təmaslarına İrandan gələn reaksiyalar beynəlxalq ictimai rəyin gündəmini zəbt etməkdə davam edir. Xinin belə bir dönəmdə İranla çox gərgin münasibətləri olan Səudiyyə Ərəbistanına səfəri və Körfəz ölkələri ilə təmasları böyük əks-səda doğurub.
Öncə qeyd edək ki, Xi 7-10 dekabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gedib və səfər çərçivəsində Səudiyyə Ərəbistanına rəsmi səfər edib, Çin-Ərəb Ölkələri Sammiti və Çin-Körfəz Əməkdaşlıq Şurasında iştirak edib. Xi Səudiyyə Ərəbistanına səfəri zamanı etdiyi çıxışlarda ölkəsinin Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri ilə nüvə enerjisi, nüvə təhlükəsizliyi və kosmosun tədqiqi kimi mövzularda əməkdaşlıq edəcəyini bildirib.
İran bu bəyanatlara reaksiya verib və Çinin Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani Körfəz Əməkdaşlıq Şurasının Zirvə Toplantısından sonra dərc olunan yekun bəyannamədə ölkəsinə qarşı irəli sürülən ittihamları pislədiklərini qeyd edib. Açıqlamada Kenani ölkəsi ilə bağlı "bəzi məzmunların olmasına təəccübləndiyini" dilə gətirib.
Digər tərəfdən, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Twitter hesabından verdiyi açıqlamada, “Fars körfəzindəki üç ada Əbu Musa, Kiçik Tunb və Böyük Tunb İran ərazisinin ayrılmaz hissələridir və əbədi olaraq bu vətənə aiddir" -deyə yazıb.
Nərgiz,
SİTAT.İNFO